AMEA-da COVİD-19-a həsr olunan beynəlxalq konfransda 100-dən çox məruzə dinlənilib
Avg 07 , 2020 | 11:01 / Mühim hadisələr
Oxunma ( 1367 )

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfrans başa çatıb.
Konfransda 9 plenar, 30-a yaxın seksiya çıxışları dinlənilib, ümumilikdə 102 məruzə təqdim olunub. Konfransın AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın moderatorluğu ilə keçən sonuncu günündə AMEA ilə yanaşı, AR Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Tibb Universiteti və digər qurumların nümayəndələri tərəfindən Azərbaycan populyasiyasının molekulyar genetik tədqiqi ilə bağlı, o cümlədən Azərbaycan əhalisində Y-xromosom DNT-nin polimorfizmi, COVID-19 xəstəliyinin molekulyar diaqnostikasında keyfiyyətə nəzarət, stasionar COVID-19 xəstələrinə müalicə nəticələri, yarasalar bəzi zoonoz virusların potensial təbii rezervuarı kimi, COVID-19-a yoluxmuş xəstələrin qanında ferritin səviyyəsinin xüsusiyyətləri və s. mövzularda məruzələr təqdim olunub.

Tədbirin bağlanış mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Nuru Bayramov, Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Kembric Tibbi Tədqiqatlar Şurası Molekulyar Biologiya İnstitutu Hesablama kristalloqrafiyası laboratoriyasının müdiri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) laboratoriya müdiri, professor Qərib Mürşüdov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov, ABŞ-ın İndiana Bioelmlər Tədqiqat İnstitutunun və MBBİ-nin əməkdaşı, professor Vidadi Yusibov, Pusan Milli Universitetindən professor Dr. İsmayıl Zülfüqarov, professor Ulduz Həşimova, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Səyyarə İbadullayeva və digərləri çıxış edərək təkliflərini səsləndiriblər.

Çıxış edənlər konfransı Azərbaycan elmi üçün əhəmiyyətli bir hadisə, biotibb elmi üçün isə yeni bir mərhələ kimi qiymətləndiriblər. Koronavirusla bağlı problemlərin həlli üçün multidissiplinar yanaşmaların təklif olunduğunu tədbirin molekulyar biologiya, yüksək texnologiyalar, süni intellekt və digər sahələr üzrə fəaliyyət göstərən elmi ictimaiyyəti bir araya topladığını bildiriblər, gənclərin bu sahədə elmi tədqiqatlar aparmasına təkan verəcəyini vurğulayıblar. Konfransa yekun vuran AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova konfransın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, pandemiya bir daha göstərdi ki, ölkəmizdə həm fundamental, həm də tətbiqi elm sahələri daha intensiv şəkildə inkişaf etdirilməli, təbii və antropogen xarakterli təhlükə və risklərə qarşı elmi tədqiqatlar aparılmalıdır: “Belə bir şəraitdə biologiya, xüsusilə də tibb elmlərinə diqqət yönəldilməli, biotibb sahəsi daha çox inkişaf etdirilməlidir. Bu gün yoluxucu xəstəliklərlə bağlı patalogiyaların molekulyar genetik populyasiya səviyyəsində tədqiqi böyük əhəmiyyət kəsb edir”.

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan tədqiqatlar zamanı müasir texnologiyalardan istifadənin zəruriliyindən danışan akademik bildirib ki, dördüncü sənaye inqilabının tələblərinə müvafiq olaraq biologiya və tibb sahələrində maşın təlimi və süni intellect texnologiyaları tətbiq olunmalı, nəticələrin proqnozlaşdırılmasına imkan verən dinamik sistemlər öyrənilməlidir.

İ.Hüseynova son dövrlər neyroelmlərin sürətlə inkişaf etdiyini qeyd edərək bu sahə üzrə vaxtilə AMEA-da araşdırmalar aparıldığını, hazırda isə bu tədqiqatlara müasir prizmadan yanaşılmasının əhəmiyyətindən danışıb.

Ölkəmizdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsinə toxunan AMEA-nın vitse-prezidenti patogenlərlə əlaqədar olan məlumatların əlaqələndirilməsinin vahid mərkəzdən idarə olunması istiqamətində təkliflərini səsləndirib.

Akademik elm və təhsilin qarşılıqlı əlaqəsindən danışaraq gənc kadrların yetişdirilməsinə təhsil sistemindən başlanıldığını, hazırlıqlı kadrların elmi mühitdə daha fəal şəkildə tədqiqatlara cəlb olunduğunu vurğulayıb. Bildirib ki, konfransda Azərbaycan Tibb Universiteti və digər klinikalardan təqdim olunan məruzələrin müəlliflərinin əksəriyyətinin gənc tədqiqatçılar olması artıq gənclərimizin müstəqil fikir yürütmək və dünya təcrübəsini nəzərə alaraq sərbəst tədqiqatlar aparmağa qadir olduqlarını göstərir.

İ.Hüseynova konfransda tibbi biologiya, immunologiya, virusologiya və digər sahələrin, o cümlədən dərman bitkilərinin hazırlanması istiqamətlərində məruzələrin təqdim olunduğu vurğulayıb, tədbirin akademiyanın BTEB-ə daxil olan institutları ilə tibb sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına yeni imkanlar açdığını diqqətə çatdırıb. Həmçinin AMEA alimlərinin tədqiqatlarının Səhiyyə Nazirliyi, TƏBİB, AR Qida Təhlükəsizliyi Agentliyi və onun nəzdində olan elmi tədqiqat institutların əməkdaşları ilə birgə multidissiplinar qaydada həyata keçirilməsinin önəmini qeyd edib.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə ünvanlanan müraciət sələndirilib və qəbul edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.