Gənc alim ABŞ-da tədqiqatını uğurla başa vurub
Avg 26 , 2020 | 04:26 / Mühüm hadisələr
Oxunma ( 2440 )

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Dənli-taxıl və paxlalı bitkilər şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt” elmi-tədqiqat səfər proqramının qalibi olub.

C.Eldarova ABŞ-ın Kolorado Dövlət Universitetinin Torpaq və bitkiçilik elmləri şöbəsində, Buğdanın seleksiyası və genetikası qrupunda 10 ay müddətində “Yumşaq buğdada quraqlığa davamlılıqla əlaqəli genlərin müəyyənləşdirilməsi və sekvenslənməsi” mövzusunda tədqiqat işini yerinə yetirib. Cəmalə Eldarova COVID-19 pandemiyası dövründə seleksiyada böyük əhəmiyyət kəsb edən KASP markerlər, onların dizayn edilməsi metodikasını və lazımi proqramları da mənimsəyib.

Həmçinin gənc alim səfər müddətində şöbənin həftəlik seminarlarında iştirak edib, istixanada işləmək üzrə təcrübə keçib, tarla tədqiqatlarına qatılıb, Genetik Ehtiyatların Qorunması üzrə Milli Mərkəzi ziyarət edib. Onun bu müddətdə Dr.Norman Borlaug fonduna olan müsahibəsi də dərc olunub.

Beləliklə, Cəmalə Eldarova ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Fulbrayt” proqramını uğurla başa vurub. O, hazırda tədqiqatın nəticələrinə dair beynəlxalq məqalə üzərində çalışır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.