Azərbaycanlı şagirdlər ABŞ-ın nüfuzlu ISEF müsabiqəsinin finalçıları olublar
Sen 09 , 2020 | 10:37 / Elmi müsabiqələr
Oxunma ( 127 )

“Sabahın alimləri” IX respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz onlayn şəkildə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İSEF – İnternational Science and Engineering Fair) müvəffəqiyyət əldə ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar onlayn baş tutan müsabiqə üçün yaradılmış saytda iştirakçılara öz tədqiqat işlərinə dair videotəqdimat və fotoları yerləşdirmək şansı verilib. Müsabiqənin münsiflərinə isə məsafədən həmin işləri nəzərdən keçirmək və onları qiymətləndirmək imkanı yaradılıb.

"Sabahın alimləri” respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri və İSEF müsabiqəsinin beynəlxalq münsifi Samir Orucovun rəhbərliyi ilə Azərbaycanı təmsil edən şagirdlərimiz - Emil Rüstəmlinin “Fraktal nəzəriyyəsinin kompüter qrafikasında tətbiqi”, Aylin Sadıxova və Sila Sunanın “Günəş enerjisi ilə qidalanan çoxsaylı məhsul sistemi”, Məryəm Hacıyeva və Nigar Alşanovanın “Baykal başlıq otu dərman bitkisində nanodərmanın sintezi və onların antioksidant, antibakterial aktivliyi” və Ruslan Bayramovun “Deep Learning-lə bitkilərin xəstəliklərinin aşkarlanması” adlı layihələri münsiflər tərəfindən yüksək qiymətləndirilib və onlar finalçı medallarına layiq görülüblər. Həmin medallar "FedEx" beynəlxalq poçt vasitəsilə Azərbaycana gətirildikdən sonra qaliblərə təqdim olunacaq.

Qeyd edək ki, müsabiqədə 56 dövlətdən 1030 layihə ilə 1255 nəfər iştirak edib. 1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80 ölkədən IX–XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. 2012-ci ildən etibarən “Sabahın alimləri” respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.