Fotos
AMEA gənc alim və mütəxəssislərin "Qələbə günü "nə həsr edilən vebinar seminarı keçirildi
Noy 13 , 2020 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1692 )

13 noyabr 2020-ci il tarixdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Qələbə günü "nə həsr edilən vebinar seminarı keçirildi. "Zoom" platforması üzəridən baş tutan tədbirdə ilk olaraq torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə açıq elan edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Azərbaycanın müzəffər və rəşadətli ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə tədbir iştirakçılarının timsalında bütün alimlərimizi və gənc mütəxəssisləri təbrik etdi. O, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirməklə, onu da bildirdi ki, bu tarixi zəfər xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olundu.

Şura sədri qeyd etdi ki, 44 günlük Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşında böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk.
F.Salmanov Akademiya gəncliyinin onlarla nümayəndəsinin könüllü olaraq döyüşlərə qatıldığını, həmçinin, ayrı-ayrı alim və mütəxəssislərin fərdi və ya qrup halında həm informasiya mübarizəsində, və həm də Silahlı qüvvələrimizə, onların ailə üzvlərinə maddi dəstək göstərildiyini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov 10 noyabr 2020-ci il tarixini hamımızın xatirəsində əbədi yaşayacaq bir gün kimi səciyyələndirdi. O, milli birliyin qüdrətindən və Azərbaycan xalqının tolerantlığından söz açdı: "30 il bizim zəifliyimiz deyildi, bu bizim tolerantlığımızdır. Mənfur qonşularımız bizim bu addımlarımızı heç vaxt düzgün qiymətləndirə bilmədi, bizi hərbi yolla bu məsələni həll etməyə məcbur etdi. Şəhid valideynlərinin, əsgər analarının qarşısında baş əyirik".
Ə.Sadıqov milliyyətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız bir yumruq kimi cənab Ali Baş Komandanın ətrafında birləşərək düşmənə qarşı səfərbər olması Böyük Qələbəmizi şərtləndirən səbəblərdən mühümü oldu. 
Bundan sonra gənclərin üzərinə iki qat məsuliyyət düşdüyünü deyən akademik-katib onların ilk növbədə yüksəkixtisaslı, müasir texnologiyalara bələd, peşəkar kadr olmaq üçün səy göstərmələrinin zəruriliyini vurğuladı. 
Seminarda AMEA Rəyasət Heyəti Aparatı Elm və Təhsil İdarəsinin rəis müavinləri - Vüqar Haqverdiyev, dosent Hüseyn Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, AMEA-nın Dubna Nüvə Tədqiqatları Mərkəzinə ezam olunan tədqiqatçısı dosent Mətləb Mirzəyev, AMEA YAP sədri, dosent Ulduza Möhvalıyeva, institut Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri, və ayrı-ayrı gənc alm və mütəxəssislər çıxış edərək öz fikirlərinin bildirdilər və sevinc təəsüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.