Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələri onlayn formada hesabat verirlər
Dek 18 , 2020 | 04:54 / Mühüm hadisələr
Oxunma ( 1603 )

18 dekabr 2020-ci il tarixdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib. Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun "ZOOM" platforması üzərindən baş tutan tədbirdə AMEA-nın Humanitar Elmləri, Biologiya və Tibb Elmləri və həmçinin Gəncə bölmələrinin Gənc Alim və Mütəxəssislər şuralarının cari ilin yekunlarına həsr olunan hesabatları dinlənilib.

İlk öncə 44 günlük Vətən Müharibəsində şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi edən GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov əldə etdiyimiz qələbə münasibəti ilə tədbir iştirakçılarını və bütün Akademiya gənc alim və mütəxəssislərini təbrik etdi. O, hesabat ilinin əhəmiyyətli hissəsinin "COVİD-19" pandemiyası ilə əlaqədar karantin rejiminə təsadüf etməsinə baxmayaraq ötən müddətdə rəhbərlik etdiyi şuranın elmi-ictimai fəaliyyətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Qeyd edib ki, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, gənc mütəxəssislərin dünya elminə inteqrasiyası istiqamətində çoxşaxəli işlər görülüb. F.Salmanov diqqətə çatdırıb ki, məhz 4-6 mart 2020-ci il tarixlərində gənc alim və mütəxəssislərin II multidissiplinar beynəlxalq konfransı keçirilmiş, növbəti dəfə bütün elmi istiqamətlər üzrə yerli gənc alimlərimizin xarici həmkarları ilə bir araya gəlməsinə imkan yaradılmışdır. Həmçinin A kademiya gəncləri xarici təcrübəkeçməyə cəlb olunmuş, onlar yerli və beynəlxalq qrant layihələrdə uğurla iştirak edib, xarici həmkarları ilə birgə tədqiqatlar aparıb, elmi nəticələrini impakt faktorlu jurnallarda dərc etdiriblər.

Sonra iclasda GAMŞ-ın Humanitar Elmlər Bölməsinin katibi fil.ü.f.d., dosent Eşqanə Babayeva, Biologiya və Tibb Elmləri Bölməsinin katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyeva və Gəncə Bölməsinin katibi Elnur Həsənov hesabatlarını təqdim ediblər.

Bölmə katibləri il ərzində ölkə başçısının sərəncamlarından, AMEA Rəyasət Heyətinin qərarlarından irəli gələn tapşırıqlar, keçirilən konfrans və elmi seminarlar, nəşr olunan kitab və monoqrafiyalar, o cümlədən impakt faktorlu jurnallarda işıq üzü görən məqalələr, qrant layihələrdə, beynəlxalq tədbirlərdə iştirak, kadr məsələləri və əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat veriblər, növbəti ildə təmsil etdikləri bölmənin Şuraları tərəfindən görülməsi nəzərdə tutulan işləri sadaladılar, gənclərin üzləşdiyi problemlər və çıxış yolları haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra AMEA GAMŞ-ın idarə heyətinin üzvləri - kimya elmləri doktoru, dosent Əfsun Sucayev, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanov, biologiya üzrə fəlsəfə doktorları -  Zenfira Qədimova, Səbinə Bünyatova və digər tədbir iştirakçıları çıxış edərək hesabatlarla bağlı fikir və təkliflərini bildiriblər.

Sonda təqdim olunan hesabatlar GAMŞ İdarə Heyəti tərəfindən qəbul olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.