Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmələrinin 2020-ci il hesabatları yekunlaşıb
Dek 24 , 2020 | 06:26 / Mühüm hadisələr
Oxunma ( 1597 )

24 dekabr 2020-ci il tarixdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin 2020-ci ilin yekunlarına həsr olunan son hesabat yığıncağı keçiridi. Bu dəfə də “ZOOM” platforması üzərindən onlayn baş tutan iclasda çıxış edən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov öncə Akademiya gəncləri adından ölkə Prezidenti, Ali Baş Komandanın ad gününü təbrik etdi və sonra iclaş iştirakçıları ilə birlikdə 44 gün davam edən Vətən Müharibəsi dövründə ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması istiqamətində şəhid olan hərbiçilərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi.

O dedi ki, bu günki toplantının gündəliyinə Kimya, Yer, İctimai və Fizika-Riyaziyyat və Texnika elmləri bölmələrinin hesabatının dinlənilməsi daxil edilib.

Şura sədri vurğuladı ki, bu bölmələri təmsil edən gənc alim və mütəxəssislər şuralar da digər bölmələrin şuraları kimi pandemiya ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi ilə əlaqədar tam gücü ilə fəaliyyət göstərə bilməsələr də AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq həm elmlə təhsilin vəhdətinin yaradılması, həm elmin populyarlığının artırılması, həm də Akademiya gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində onlayn rejimdə çalışmışlar.

Sonra GAMŞ Kimya elmləri bölməsinin hesabatını təqdim edən bölmə katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov Kimya bölməsinə aid olan institutların yerli şuraları sosial platformaların üstünlüklərindən yararlanmaqla elmin təbliği, elmin populyarlaşdırılması, gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətdə həyata keçirilən ictimai və elmi marifləndirmə, müsabiqə, mükafatlandırma tədbirləri, gənclərinin beynəlxalq və yerli onlayn konfranslarda iştirakı və seminarları haqqında geniş məlumat verdi.

Yer elmləri Bölməsinin hesabat məruzəsini təqdim edən bu bölmənin katibi Afaq Ağazadə müvafiq bölmə institutlarının şuralarının yerinə yetirdiyi elmi və ictimai fəaliyyətin əsas nəticələrini sadaladı, gənclərin iştirakı ilə  yerinə yetirilmiş nəzəri fundamental və tətbiqi işlərdən, əldə olunan nəticələrdən, dərc olunan xarici, yerli məqalələr, təşkil olunan konfrans, müsabiqələrdən söz saldı.

Şuranın İctimai Elmləri Bölməsinin ümumiləşdirmiş şəkildə hesabat məruzəsi ilə çıxış edən adıçəkilən bölmənin katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova bölməyə aid olan institutlarda əsasən gənclərin elmi-ictimai fəaliyyəti, 2020-ci il ərzində əldə etdikləri elmi nailiyyətlər və dərc etdikləri monoqrafiya, məqalə, tezis, həmçinin, Vətən Müharibəsi dövründə təmsil etdiyi bölmə gənclərinin görə bildikləri və görmək istədikləri və bundan sonra görəcəkləri işlər haqqında geniş məlumat verdi.

Daha sonra Fizika-Riyaziyyat və Texnika Bölməsinin hesabatını təqdim edən AMEA İnformasiya Texnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova müvafiq bölmənin elmi müəssisələrində çalışan gənc alim və mütəxəssislərin statistik göstəriciləri, beynəlxalq və yerli əhəmiyyət kəsb edən elmi tədbirlərdə gənclərin fəallığı, elmi əsərlər, o cümlədən impakt faktorlu jurnallarda artan dinamika ilə nəşr olunan məqalələrə görə ötən illərlə müqayisədə cari ilin nailiyyətləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Hər 4 məruzə ətrafında – AMEA GAMŞ İdarə Heyətinin üzvləri – dosentlər Orxan Abbasov, Əfsun Sucayev, Rəşad Məstəliyev, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əskərova, AMEA Radiasiya Problemləri İnstitutunun Dubnada doktorluq elmi tədqiqatları aparan, f.ü.f.d., dosent Mətləb Mirzəyev, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşı, f.ü.f.d., dosent Sakin Cabbarov, AMEA Botanika İnstitutunun gənc mütəxəssisi Elnarə Salahova çıxış edərək öz suallarını, rəy və təkliflərini verdilər və fikir mübadiləsi aparıldı.

Ümumi müzakirələrdən sonra bölmələr üzrə hesabatlar qəbul olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.