Akademiyada həyata keçirilən islahatlar Azərbaycan elminin dünyaya inteqrasiyasına böyük töhfə olacaq
Yan 08 , 2021 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 1275 )

Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, akademik Adil Qəribov və Rəyasət Heyətinin digər üzvləri, akademiklər - Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər.

Tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rəyasət Heyətinin iclasına çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri haqqında olub.

Məsələ ilə bağlı çıxış edən yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Böl­mə­sinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar­güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə­dilə 2020-ci ilin 17- 25 dekabr tarixlərində yoxlama aparılıb.

Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Mövzu ilə bağlı münasibət bildirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, bir zamanlar görkəmli alim Həsən Abdullayevin rəhbərlik etdiyi Fizika İnstitutu öz elmi nəticələri ilə keçmiş sovet məkanında böyük nüfuz qazanmışdı və Azərbaycan elminin flaqmanlarından hesab olunurdu. Akademik qeyd edib ki, dövlət büdcəsindən ayrılan maliyyə qarşılığında müəssisədə müstəqillik dövründə heç bir ciddi tətbiqi və fundamental tədqiqatlar aparılmayıb. AMEA prezidenti institutda yaranmış mövcud vəziyyətin akademiyanın və Azərbaycan elminin nüfuzuna mənfi təsir etdiyini bildirib.

Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

Gündəlikdə duran digər məsələ AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Adil Qəribov sözügedən qərar layihəsinin AMEA prezidentinin tapşırığı əsasında hazırlandığını və bu barədə AMEA Rəyasət Heyətinin ötən iclasında müzakirələrin aparıldığını söyləyib. Qərar layihəsində AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunub. Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb.

İclasda AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti, akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

Sonra yığıncaqda AMEA-da 2021-2025-ci illər üçün elmi tədqiqat işləri planlarının hazırlanması haqqında məsələ müzakirəyə çıxarılıb. Akademik Adil Qəribov yeni elmi tədqiqat işlərinin seçilməsi, planlaşdırılması, icra mexanizmi və nəticələrinin qiymətləndirilməsi ilə bağlı yeni tələb və normaların işlənildiyini nəzərə çatdırıb.

İclasda AMEA-ya dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin AMEA-nın elmi müəssisə və təşkilatları arasında bölüşdürülməsinə, habelə AMEA-nın İnnovasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi və fondda toplanmış vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyası və İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Elmi və Texnoloji Əməkdaşlıq üzrə 2021-2023-cü illər üçün İcra Proqramı” haqqında AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edib. O, 2019-cu ildə elan edilmiş birgə layihə müsabiqəsi çərçivəsində biotibb, yer elmləri və mədəni irs sahələrini əhatə edən 4 layihənin qalib seçildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qalib layihələr “Azərbaycanda dəqiq onkologiya üçün mükəmməllik mərkəzinin təşkili”, “Baş və boyun xərçəngi üçün (IMRT, VMAT və 3D-konformal planlaşdırma metodları) uyğunlaşdırılmış radioterapiya”, “Böyük Qafqazda (Azərbaycan) və Apennində (İtaliya) CH4 və CO2 ilə zəngin olan fluid təzahürlərinin geokimyası və geoloji-struktur nəzarəti: geodinamik təsirlər” və “Torpaq tikinti materiallarının konsolidasiyası üçün yeni məhsullar və protokolların inkişaf etdirilməsi”dir.

Məsələyə münasibət bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları italiyalı həmkarları ilə birlikdə ekspedisiyalar aparıb, o cümlədən hazırda Memarlıq və İncəsənət, Fəlsəfə və Sosiologiya institutları İtaliyanın elmi qurumları ilə əməkdaşlıq müqaviləsi həyata keçirirlər. Bundan əlavə, filologiya elmləri doktoru, professor İdris Abbasovun italyan aristokrat Pietro della Vallenin “Türk dilinin qrammatikası”nın tərcümə, tədqiq və şərhi” (Azərbaycan dilinin orijinal qrammatikası) monoqrafiyasının mühüm əhəmiyyətə malik olduğunu və ilk dəfə italyancadan Azərbaycan dilinə tərcümə edildiyini xüsusi vuğulayan akademik İsa Həbibbəyli gələcəkdə Humanitar və İctimai Elmlər bölmələrinin də İtaliya ilə birgə layihələrdə iştirakının vacibliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncamına dair tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, sözügedən Sərəncam Azərbaycanın ədəbi-tarixi keçmişinin, milli ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin tədqiq edilib öyrənilməsinə, dünyada daha geniş miqyasda tanıdılmasına və yeni nəsillərə çatdırılmasına dövlət səviyyəsində göstərilən böyük qayğının əməli ifadəsidir.

Onun sözlərinə görə, mühüm tarixi-siyasi və elmi əhəmiyyətə malik olan Prezident Sərəncamı AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin əməkdaşları qarşısında məsul vəzifələr qoyur. Akademik elmi tədqiqat müəssisələrində bu Sərəncamla əlaqədar indiyə qədər görülmüş işlərin təhlil edilməsinin, bundan sonra həyata keçirilməsi zəruri olan tədbirlərin müəyyən edilərək icrasının təmin olunmasının önəmini vurğulayıb: “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı azərbaycançılıq və müstəqillik baxımından yenidən öyrənilməli, sənətkarın bu vaxta qədər lazımi səviyyədə tədqiq olunmamış nəsil səcərəsi, elmi tərcümeyi-halı, poemalarının ideya sənətkarlıq xüsusiyyətləri, lirikası, mühiti və müasirləri yeni təfəkkür istiqamətində tədqiq olunmalıdır. Nizami Gəncəvi kimi qüdrətli sənətkarı dünyaya daha yaxşı tanıtmaq üçün xarici dillərdə kitablar hazırlanıb nəşr edilməlidir”.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər - Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev və Gövhər Baxşəliyeva da çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.