Yan 14 , 2021 | 03:00 / Mühüm hadisələr
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə muzeyin yeni doktorant və dissertantları üçün akademik yazı ilə bağlı praktik tövsiyyələri ehtiva edən online seminar baş tutub.
İclası giriş sözü ilə Gənc alim və mütəxəssislər şurasının sədri Dilbər Hüseynova açaraq 2020-ci il ərzində şuranın təşkilatçılığı ilə baş tutan, həmçinin, üzvlərinin fərdi şəkildə gördüyü işlər barədə hesabatlarının qənaətbəxş olduğunu vurğuladı. D.Hüseynova eyni zamanda qeyd etdi ki, COVİD-19 pandemiyası səbəbi ilə ənənəvi iş rejimi olmamasına rəğmən, muzeyin gənc alimlərinin yerli və xarici jurnallarda məqalə çapı, beynəlxalq və yerli konfranslarda iştirakı hər il olduğu kimi ötən ildə də yetərli olmuşdur. Lakin, gənc alimlərin, xüsusən, yeni qəbul edilmiş doktorant və dissertantların aktivliyini daha da artırmaq, elmi nəşrlərini bir qədər də sürətləndirmək üçün praktik xarakterli maarifləndirici seminar keçirilməsi qərara alınmışdır.
Seminarda əsas məruzəçi olaraq Gənc alim və mütəxəssislər şurasının üzvü, fəl.ü.f.d. Kəmalə Nuriyeva çıxış edərək lazım olan ədəbiyyatın toplanması, elmi məqalə yazılması, vaxt itirməmək üçün düzgün jurnalların necə seçilməsi və çapa təqdimi ilə bağlı praktik metodlarla bağlı tövsiyyələrini çatdırmışdır. Online rejimdə işləyən ölkə kitabxanaları, Google Scholar, ORCİD kimi beynəlxalq platformalardan istifadə imkanları müzakirə edilmişdir. Sonra isə doktorant və dissertantların sualları K.Nuriyeva, D.Hüseynova və şuranın digər nisbətən təcrübəli üzvləri tərəfindən cavablandırılmışdır.
Sonda seminar zamanı dinləyicilərin elmi fəaliyyət ilə bağlı veridiyi diqqət çəkən, aktual suallar qeyd olunmuş və ümumiləşdirilərək gələcəkdə həmin mövzular ətrafında bir neçə seminar keçirilməsi planlaşdırılmışdır.