Yan 17 , 2021 | 03:00 / Mühüm hadisələr
Yanvarın 15-də AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2021-ci ildə ilk onlayn iclası keçirildi. İclasda şura üzvləri, İnstitutun Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin nümayəndələri və I kurs magistrantları iştirak edirdilər.
Şuranın sədri, r.ü.f.d, dosent Rəşad Məstəliyev iclası açaraq iştirakçıları yeni təqvim ilinin başlaması münasibətilə təbrik etdi və onlara işlərində uğurlar arzuladı. Sədr ötən il gənc alim və mütəxəssislərin pandemiya rejiminə baxmayaraq fəal olduqlarını və elmi-tədqiqat işlərini uğurla davam etdirdiklərini qeyd etdi. O qeyd etdi ki, gənclərin elmi konfranslarda mütəşəkkil iştirakının təmin edilməsi, silsilə seminarların təşkili, gənc alimlərin elmi nailiyyətlərinin ictimailəşdirilməsi və s. kimi tədbirlər Şuranın fəaliyyət planının aparıcı istiqamətini təşkil edir. R.Məstəliyev şuranın gündəliyində “İdarəetmə Sistemləri İnstitutunun elmi, elmi-təşkilati və ictimai fəaliyyətində gənc alimlərin rolu” mövzusunda seminara hazırlıq, İnstitutun I kurs magistrantlarının GAMŞ-nın tərkibinə daxil edilməsi, Şuranın Facebook səhifəsinin təqdimatı və bir sıra cari məsələlərin olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
Sonra İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva adı çəkilən seminarın və gənc alimlərin elmi seminarlarının təşkil edilməsinin vacibliyini vurğulayaraq, gənc alimlərin apardıqları elmi tədqiqat işlərinin nəticələrin və təcrübələrin birgə müzakirəsinin gənclərdə elmə olan marağın artmasına səbəb olacağını qeyd etdi. O, gənclərə www.elmikadr.science.az və www.scholar.google.com profillərinin yaradılmasını və öz məqalələrini müntəzəm olaraq orada yerləşdirmələrini tövsiyə etmişdir.
Sonra şuranın sədr müavini Lamiyə Nəcəfova İnstitutun yeni yaradılan Facebook səhifəsi ilə iştirakçıları tanış etdi və gəncləri elmin populyarlaşdırılması və təbliği, elmi biliklərin yayılması istiqamətində sosial şəbəkələrdə fəal olmağa səslədi.
Müzakirə olunan məsələlərlə bağlı iclas iştirakçıları da oz fikir və mülahizələrini bildirdilər.