Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü qeyd olunub
Fev 02 , 2021 | 06:00 /
Oxunma ( 1849 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbiri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, a.ü.f.d. Qoşqar Məmmədov açaraq müəssisənin gənclərini təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Yığıncaqda çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü f.d., dosent Famin Salmanov ümummilli lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalandığını xatırladıb, əlamətdar günün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu bildirib.

F.Salmanov gəncləri ölkə rəhbərliyinin onlara göstərdiyi qayğıya layiq olmağa çağırıb, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev isə çıxışında ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən danışıb, bu istiqamətdə imzalanan fərman və sərəncamların, qəbul edilən Dövlət proqramlarının Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrildiyini söyləyib. 

Daha sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günay Məmmədova və Almaniyanın Helmholtz – Ətraf Mühit Tədqiqatlar Mərkəzinin doktorantı Vüsal Quliyev müasir Azərbaycan gənclərinin böyük vətənpərvərlik ruhu ilə yetişdirildiyini, bunun nəticəsində rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini söyləyiblər.

Sonda qurumun elmi-ictimai fəaliyyətində fərqlənən bir qrup gənc institutun direktoru, akademik Qərib Məmmədov tərəfindən diplom ilə təltif  edilib. Həmçinin gənclərə müəssisənin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən pul mükafatı verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.