AMEA Botanika İnstitutunun əməkdaşı “Gənclər mükafatı”na layiq görülüb
Fev 04 , 2021 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1680 )

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova 2020-ci ildə uğurlu elmi fəaliyyətinə görə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif edilib. Mükafat elm, təhsil, mədəniyyət, incəsənət və ictimai fəaliyyət sahələrində uğur əldə etmiş gənclərə verilir.

Qeyd edək ki, A. Zeynalova 2009-cu ildə Bakı Dövlət Universitetinin “Biologiya” fakültəsinin bakalavr pilləsini, 2015-ci ildə isə həmin universitetin “Biokimya” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2017-ci ildə  AMEA-nın Botanika İnstitutunun doktoranturasına qəbul olmuş və 2020-ci ildə təhsilini başa vurmuşdur. Hazırda gənc alim 22 elmi əsərin müəllifidir. A. Zeynalovanın aldığı nəticələr dünyanın nüfuzlu jurnallarında çap olunmuşdur.

Gənc mütəxəssis hazırda Azərbaycan florasında yayılan bitkilərin tərkibindəki bioloji fəal maddələrin miqdarını və keyfiyyət tərkibinin öyrənilməsi üzrə Davamlı Bitki Mühafizəsi İnstitutunda təcrübə keçmiş bitki ehtiyatşünaslığının nəzəri və təcrübi əhəmiyyət kəsb edən problemlərinin həlli istiqamətlərində araşdırmalar aparır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.