Fotos
Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının Gənclər şöbəsinin idarə heyətinin onlayn iclası keçirilib
Fev 11 , 2021 | 04:17 / Mühüm hadisələr
Oxunma ( 2382 )

Fevralın 10-u Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının gənclər bölümünün   (FESSS) “Zoom” platformasında onlayn iclası keçirilib. Tədbiri Federasiyanın  Gənclər şöbəsinin prezidenti, TAİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açaraq iclasın mövzusunun ölkəmizdə keçirilən “Gənclər günü” və federasiyanın üzvləri ilə ilkin tanışlıq olduğunu qeyd edib.

Fərid Mustafayev dövlətimizin gənclərə ayırdığı diqqət və ölkəmizin bu istiqamətdə seçilmiş strategiyası haqda qonaqlara ətraflı məlumat verib. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən F.Mustafayev gənclərin buradakı müstəsna rolunu vurğulayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,qəddar düşmən üzərində parlaq qələbəmizi mərd və vətənpərvər gəncliyə borcluyuq.

Daha sonra çıxış edən Serbiyanın Torpaqşünaslar Cəmiyyətinin üzvü Milorad Zivanov tədbirin təşkilatçılarına öz dərin təşəkkürünü bildirib və gördüyü elmi işlər haqqında geniş  məlumat verib. Gənc alim  tədbir iştirakçılarını sentyabr ayında Serbiyada keçiriləcək beynəlxalq elmi konfransa dəvət edib. Milorad Zivanov həmçinin Azərbaycanda keçirilən Gənclər günü ilə  bağlı gənclərimizə  öz səmimi təbriklərini çatdırıb və fəaliyyətlərində  uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Federasiyanın gənclər bölməsi üzrə vitse-prezidenti Nərmin Nəcəfova öz elmi fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Ölkəmizdə keçirilən Gənclər günü haqqında çıxışı ilə tədbirə davam edən N.Nəcəfova həmçinin bu tədbirin Avrasiya Torpaqşünaslar Cəmiyyətinin (FESSS) üzvləri ilə tanışlıq məqsədi daşıdığını bir daha vurğulayıb.

Daha sonra Federasiyanın gənclər bölməsi üzrə katibi Əli Gözəlzadə tədbir iştirakçılarına İnstitutda gedən işlər haqqında məlumat verib və ölkəmizdə gənclərin təhsildə iştirakını, UNESCO-nun statistikasına əsasən Azərbaycanda 24 yaşadək insanların savadlılıq faizinin 99.9 faiz olduğunu xüsusi vacibliklə qeyd edib. Həmçinin Əli Gözəlzadə gənclərin Vətən müharibəsində qazandığımız qələbədə böyük rolunu və bu qələbənin ölkənin müxtəlif sferalarında çalışan və təhsil alan gənclərə verdiyi ruh yüksəkliyi haqqında çıxış edib.O, bəzi mühüm işlər səbəbindən tədbirə qoşula bilməyən Torpaqların Aqroekologiyası və Bonitirovkası Beynəlxalq Laboratoriyasının müdiri, b.ü.f.d, dosent Zaman Məmmədovun təbriklərini və salamlarını iştirakçılara çatdırıb.

Sonda tədbir iştirakçıları  hazırki pandemik vəziyyətin tezliklə bitəcəyinə və bu elmi konfrans və görüşlərin canlı olaraq Avrasiya Torpaqşünaslar Cəmiyyətinin (FESSS) üzvü olan bütün ölkələrdə baş tutacağına ümid etdiklərini qeyd ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.