Mart 27 , 2021 | 06:00 / Mühüm hadisələr
27 mart tarixi 2018-ci ildən bəri Azərbaycanda ölkə Prezidentinin qərarı ilə “Elm günü” olaraq qeyd olunur. Elmi fəaliyyətlə bağlı olan hər bir müəssisə təbii ki, bu günü özünəməxsus şəkildə bayram kimi keçirir. Həmin müəssisələr sırasında AMEA-nın institut və təşkilatları öz aktivliyi ilə seçilir. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həmişə olduğu kimi bu il də “Elm günü”nü qeyd etməklə kifayətlənməmiş, eyni zamanda Muzeyin Gənc Alim və Mütəxəssislər Şurası “Nizami ili” ilə bağlı olaraq məhz Nizami Gəncəvinin elmə verdiyi dəyəri qabardaraq “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” adlı distant elmi-praktik konfrans təşkil etmişdirlər. Onlayn toplantını AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova giriş sözü ilə açdıqdan sonra şura üzvlərinin məruzələri ilə konfrans davam etmişdir. Muzeyin elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Nizami Gəncəvinin anadilli ardıcılları”, fəlsəfə doktoru hazırlığı üzrə doktorantları Fatimə Süleymanova “Nizami Gəncəvi və dünya mədəniyyəti Oqtay Sadıqzadə yaradıcılığında” və İnci Həşimova isə “Nizami Gəncəvi yaradıcılığı fransızdilli tədqiqatlarda” adlı məruzələri ilə çıxış etmiş, eyni zamanda mövzu ilə bağlı hazırladıqları maraqlı slaydlarını təqdim etmişdirlər.
Sonda Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Gülsəba Həsənova çıxışlara münasibət bildirmiş, online elmi-praktik konfransa qoşulanlar öz suallarını təqdim etmiş və məlumat dolu, maarifləndirici çıxışlara görə təşəkkürlərini çatdırmışlar.