Mart 27 , 2021 | 09:00 / Mühüm hadisələr
Martın 27-si Azərbaycanda Elm Günü kimi elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) tədbir keçirilib. ZOOM platforması üzərindən videformatda təşkil olunan tədbirdə AKİ-nin elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev bildirdi ki, prezident cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli məlum sərəncamı ilə “Elm Günü”nün təsis olunması elm adamlarına olan hörmətin, diqqətin ifadəsidir. Onun sözlərinə görə, bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.
Ə.Sucayev müstəqilliyin ilk illərində Akademiyanın bağlanmaq təhlükəsi ilə üzləşdiyini yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu qeyd etdi. İnstitut rəsmisi vurğulayıb ki, məhz, AMEA-ya milli statusu ümummilli lider verərək onun yeni mərhələdə inkişaf etdirilməsinə, Azərbaycanın milli sərvəti kimi qorunub saxlanılmasına rəvac verildi. Dövlət başçısı, cənab İlham Əliyev də AMEA-nın yubiley tədbirində çıxış edərək Akademiyanın fəaliyyətini yüksək qiymətləndirdi və yeni mərhələdə inkişafı üçün yeni prioritet vəzifələr qoydu.
AKİ rəsmisi son illər ərzində akademik elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, istedadlı gənclərin elmə cəlb olunması yolunda işlər görüldüyünü və müəyyən nailiyyətlər əldə olunduğunu dedi.
O, Akademiya prezidentinin rəhbərliyi altında AMEA-da struktur və institutsional islahatların aparıldığını və idarəetmənin təkmilləşdirildiyinin, bunun davamı olaraq elmin məzmununun təkmilləşdirilməsi ilə əlaqədar islahatların aparılmasının zərurliyinin bildirdi.
Ə.Sucayev dünya təcrübəsində olduğu kimi ölkə üzrə bütün elmi müəssisələrin və elmi işçilərin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ilə onlar arasında sağlam rəqabət yaratmaq və bu yolla elmin keyfiyyətinin artırılmasına nail olmağın mümkünlüyünü qeyd etdi.
Sonra tədbirdə çıxış edən İnstitut Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Omanova, aparıcı elmi işçilər, dosentlər –Xuraman Əfəndiyeva, Ceyhun Həmidova, və Elnarə Həsənova çıxış edərək “Elm Günü”nün əhəmiyyətindən, elmin inkişafına mane olan problemlərdən və çətinliklərdən çıxış yollarından danışdılar, təkliflərini səsləndirdilər.