Apr 22 , 2021 | 09:24 /
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb.
Komissiya qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla elmi fəaliyyətlə məşğul olan, elmi yaradıcılığa maraq göstərən sosial şəbəkə istifadəçiləri ilə virtual təmas qurmağı, Komissiyanın fəaliyyəti barədə ictimaiyyəti operativ qaydada məlumatlandırmağı, müzakirələr, fikir mübadiləsi, sorğular əsasında onları maraqlandıran məqamlara aydınlıq gətirməyi hədəfləmişdir.
Rəsmi səhifədə son dövrdə Komissiyanın fəaliyyəti nəticəsində görülən işlərin və yeniliklərin qısa xülasəsi verilib. Həmin xülasəni təqdim edirik:
- iddiaçılara növbədən və limitdənkənar müdafiə səlahiyyəti verən bütün icazə sənədləri qüvvədən düşmüşdür;
- elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək məqsədilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” hazırlanmış və Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir;
- fəlsəfə doktoru imtahanlarının sayı 2 dəfə azaldılmışdır;
- dissertasiya işinə aparıcı təşkilat tərəfindən rəy verilməsi tələbi ləğv olunmuşdur;
- elmlər doktoru dissertasiyasının nəticələrinə dair məqalələrin sayı humanitar və ictimai elmlər üzrə 20-dən 15-ə, dəqiq və təbiət elmləri üzrə 15-dən 10-adək azaldılmışdır;
- yeni texnologiya və proqramların imkanlarından faydalanaraq saxta jurnallara və plagiatlığa qarşı mübarizə sərtləşdirilmişdir;
- elmlər doktoru dissertasiya işinin müdafiəsi ilə əlaqədar Komissiyadan verilən icazə proseduru ləğv olunmuşdur;
- dissertasiya şurasında bir ay ərzində dörd fəlsəfə doktoru dissertasiyasının müdafiəsini keçirmək mümkün olmuşdur;
- dissertasiya şuralarının fəaliyyət müddəti iki ildən üç ilədək artırılmışdır;
- fəlsəfə doktorlarının Komissiyadan icazə tələbi olmadan eyni zamanda 2 fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısına elmi rəhbər təyin edilmələrinin mümkünlüyü barədə qərar qəbul edilmişdir;
- elmi seminarların hər bir ixtisas üzrə ayrılıqda, azı beş mütəxəssisdən ibarət tərkibdə təşkil edilməsi müəyyənləşdirilmişdir;
- elmi seminarda ay ərzində keçirilən müzakirələrin sayına məhdudiyyət qoyulmamışdır;
- dosent və professor elmi adlarının elmi və elmi-pedaqoji fəaliyyətə görə, yalnız ixtisaslar üzrə verilməsi müəyyənləşdirilmişdir;
- ilk dəfə olaraq 10 il elmi və ya elmi-pedaqoji iş stajı olan fəlsəfə doktorlarına dosent elmi adını aldıqdan 5 il sonra professor elmi adı almaq imkanı yaradılmışdır;
- uzun müddət elmi-pedaqoji fəaliyyətlə məşğul olan fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılardan professor elmi adı almaq üçün tələb edilən iş stajının müddəti 35 ildən 25 ilə endirilmişdir;
- iddiaçılara verilən elmi dərəcə haqqında diplom, elmi ad haqqında attestat, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədin tanınması barədə şəhadətnamə dövlət sənədi olduğundan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vahid formaya uyğun tərtib edilmişdir;
- avtoreferatların xarici ölkələrin kitabxalarına ingilis dilində təqdim olunması müəyyən edilmişdir;
- xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin və dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblər müəyyənləşdirilmişdir;
- dissertasiya şuralarında müdafiələrin distant formada keçirilməsi məqsədilə Komissiyanın rəsmi internet saytı üzərindən elektron gizli səsvermənin keçirilməsi üçün xüsusi proqram təminatı istifadəyə verilmişdir;
- Komissiyada Akkreditasiya şöbəsi yaradılmış, elmi müəssisələrin akkreditasiya işinin təşkili ilə bağlı beynəlxalq təcrübə araşdırılmış, beynəlxalq donorlara müraciət olunmuş, elmi müəssisələrin akkreditasiyasının keçirilməsinə dair təlimat hazırlanmışdır;
- son iki il ərzində Komissiyada 610 iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsi və 85 iddiaçıya elmlər doktoru elmi dərəcəsi verilmiş, 720 iddiaçıya dosent, 88 iddiaçıya professor attestatları təqdim edilmiş, xarici ölkələrdə alınmış 67 iddiaçının elmi dərəcə haqqında sənədləri təkrar attestasiya əsasında tanınmışdır;
- dissertasiyaların əsas nəticələrinin ölkəmizdə dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı yenilənmiş və siyahıya ümumilikdə 194 elmi nəşr daxil edilmişdir;
- Komissiyanın rəsmi internet saytı tamamilə yenilənmiş, elmi dərəcə və elmi adların verilməsi və akkreditasiya ilə əlaqədar bütün tələblər və sənəd nümunələri saytda yerləşdirilmişdir.
Bunlardan əlavə Facebook səhifəsinin mesaj bölümünə ünvanlanmış suallar operativ cavablandırılır. Səhifə istifadəçiləri yaranacaq sual və müraciətləri şərh bölməsində qeyd edə, fikir mübadiləsi apara bilərlər.
Səhifədə Komissiyanın tanıtımı xarakterli Azərbaycan və ingilis dillərində bilgi yer alıb: “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası respublikada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elm, texnika, təhsil, mədəniyyət və incəsənətin bütün sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır”. Həmçinin, Komissiyanın yerləşdiyi ünvan, telefon nömrəsi, elektron ünvanı və saytın linki də göstərilmişdir.
İctimaiyyətlə əlaqələr şöbəsi