Apr 25 , 2021 | 05:00 / Mühüm hadisələr
Görünən odur ki, bu kəlməni dilə gətirən Co Bayden ABŞ-ın ikinci prezidenti olsa da, sonuncusu olmayacaq
Nobel mükafatçısı, türk əsilli biokimyaçı-alim Əziz Səncərin xatirələrində maraqlı epizoda rast gəlinir. Belə ki bir gün Los-Ancelesdə alış-veriş edərkən çıxışda kassir qız bu dünya şöhrətli alimdən haradan olduğunu soruşur. Ə.Səncər heç tərəddüd etmədən türk və Türkiyədən olduğunu bildirir. Xanım kassir sözünə davam edərək “Midnight Express” filmini izlədiyini və müşahidələrinə əsasən türkləri faşistslərlə eyni tutduğunu dilə gətirir.
Əziz Səncər onu müstəntiq kimi sorğu-suala tutan xanıma “mən isə Naqasaki və Hirosimanı izlədim. Amma bu, film deyildi" cavabını verməklə, əslində okeanın o tayında yaşayıb xarüqələr yaratsa da, bunun heç nəyi dəyişmədiyini özünün yenə türk oğlu türk olduğunu bir daha sübut etmiş olur. Söhbət Əziz Səncərin hazırcavablığının sıravi amerikan tərəfindən sorğu-suala tutulmasından getmir. Bu epizodda diqqət verməli olduğumuz məqam erməni yalanlarının ayaq tutub, bütün dünyaya yayılması, nəinki özlərini, hətta dünyanın supergüclərini, inkişaf etməkdə olan ölkələrdə də demokratiya nağıllarını diqtə edən ölkələrində birinci şəxslərindən tutmuş sonuncu şəxslərinə qədər hamısına inandıra bilmələridir.
Xəbər verildiyi kimi ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb. Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günhlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik".
Məsələ ondadır ki, ABŞ özünü dünyaya demokratiyanın beşiyi kimi sırımaqla həqiqətləri görməzdən gəlir. Maraqlıdır, Türkiyəyə bu böhtanı atanlar heç öz yaxın və uzaq keçmişdə törətdikləri qətliyamların bir gün özlərinə də soyqırım həqiqəti kimi qəbul etdirəcəklərini düşünmürlərmi? Bəs, cənab Baydenin sələflərinin Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrin günahını kimin adına yazmaq olar?
Təsəvvür edin, ameriakanların təkcə Hiroşimada 166 min və Naqasakidə 80 min günahsız insanları məhv edən soyqırımı bəşər tarixində insanlara qarşı tətbiq olunmuş ilk və yeganə atom bombardmanı nəticəsində baş verib.
ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması nə təsadüfi deyil, nə də özlərini dünyaya “zavallı”, “çarəsiz”, “biçarə”, “soyqırım qurbanı” kimi təqdim edən ermənilərə “canıyananlıq” hisslərindən və ya onlara real kömək etmək istəyindən irəli gəlmir. ABŞ prezidentlərinin tarixən erməni lobisinin səsini qazanmaq və türklərə siyasi təzyiq etmək üçün vasitə kimi istifadə etmələri sirr deyil. Ona görə, 1981-ci ildə 1915-ci ildə yaşananları "soyqırım" adlandıran Ronald Reyqandan sonra Co Bayden "soyqırım" kəlməsini işlədən ikinci ABŞ prezidenti olsa da, axırıncı olmayacaq. Bu dünyada nə qədər “erməniçilik” xəstəliyin kökü kəsilməyib, yalançı “soyqırım” oyunu da bundan sonra da davam edəcək. Çünki bu xəstəlik onların genetik daşyıcılarına qarşılıqlı divident qazandırır. Belə ki, dünyanın ən güclü erməni lobbisi yerləşdiyi ABŞ-da satdıqları səsin müqabilində demokrat və ya respublikaçıya 5-10 illik prezidentlik, qarşılığında özlərinə milyardlar qazanırlar.
Ancaq və lakin ortada tarixin reallığı var. Cənablar gördüyünüz kimi türklər keçmişdə baş verənlərdən heç bir halda kənara qaçmır. Türkiyənin birinci şəxsi olsun və ya ayrı-ayrı nazirlərindən başlayaraq elm adamlarına qədər hər kəs tam səmiyyət ortaya qoyur. Yəni türk qardaşlarımız bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışlar: “Gəlin arxivləri açağın, baş verənləri müstəqil tarixçilər birgə araşdırsınlar. Bu o deməkdir ki, 106 il bundan əvvəl baş verənləri qiymətləndirmək siyasətçilərin yox, tarixçilərin işidir”. Lakin çox təəssüf ki, qarşı tərəfdə bu səmiyyəti qiymətləndirə bilən beyin sahibi yoxdur. Yox, hər şey güzgü kimi aydındır: nəinki erməni, hətta amerikan, fransız belə yaxşı başa düşür ki, arxivlər açılsa və elm adamları bu məsələni araşdırsa əsl günahkar şübhəsiz erməni və onların havadarları çıxacaq.
Bizim arqumentimiz isə ondan ibarətdir ki, “Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək, gündəmə gətirənlər, həmin dövrdən 10 il əvvəl – 1905-ci ildə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara və XX əsrin soyqırımları silsiləsindən – Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel soyqırımlarına, 30 il işğal altında saxladıqları şəhərlərimiz, kəndələrimizdə törətdikləri vəhşiliklərə, və ən nəhayət II Qarabağ müharibəsində erməni vandallarının Gəncə, Bərdə, Tərtər şəhərlərində gecə saatlarında dinc sakinləri qadağan edilmiş raketlərlə bombalamsına münasibətdə niyə susqunluq nümayiş etdirir və yalançı erməni soyqırımı kimi eyni münasibət sərgiləmirlər? Bu riyakarlıq, ikiüzlülük deyil nədir?
Ölkən böyük, qüdrətli, sözün də hər yerdə keçərli ola bilər. Amma bu böyüklüyündən sui-istifadə edərək saxta "soyqırımı" təsdiq edən heç bir tarixi, elmi faktın olmadığı halda, yalanın yanında yer almağın əslində sənin böyük yox, cılız olduğuna dəlalət edir. Ürəyin, böyük deyilsə, o güclü, qüdrətli ölkə olmağın heçnəyi dəyişmir. Bu da keçər. Bir millət iki dövlətin nümayəndələri olaraq bu haqq mübarizəsində türk qardaşlarımızın yanındayıq. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!!!
Əfsun Sucayev
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü