May 25 , 2021 | 05:50 /
Elmlər doktoru elmi dərəcəsi olan şəxslər dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində bildirilir.
Layihəyə əsasən, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan tələbi (istiqamət) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən yalnız müsahibə mərhələsində iştirak edəcəklər.
Eyni zamanda, dövlət qulluğuna qəbul ilə bağlı testlərin sadələşdirilməsi üçün test imtahanının məzmunu Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Bundan əlavə, layihəyə əsasən, dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil ediləcək. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Deputatlar fəlsəfə doktoru olan şəxslərin də dövlət qulluğuna qəbul olunarkən yalnız müsahibə mərhələsində iştirak etmələrini də təklif edib.
Qanun layihəsinə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.