Fotos
AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Atatürk Universitetinin müştərək tədqiqatlarına həsr olunan beynəlxalq elmi seminar keçirildi
İyn 30 , 2021 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 991 )

30 iyun 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Türkiyənin Atatürk Universiteti ilə həyata keçirdiyi müştərək elmi tədqiqatların nəticələrinə həsr olunan beynəlxalq elmi seminar keçirildi. Giriş nitqi ilə çıxış edən İnstitutun direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, 2015-ci ildən Türkiyənin müxtəlif şəhərlərində yerləşən aparıcı elm mərkəzləri, universitetləri ilə birgə əməkdaşlıq edilir: “Bu universitetlər içərisində Atatürk Universiteti mühüm yer tutur. Çünki İnstitut əməkdaşları tərəfindən indiyə qədər sintez olunmuş 200-ə yaxın maddələrin fizioloji fəallıqlarının tədqiqi ilə Atatür Universitetindəki həmkarlarımız məşğul olur və çox mühüm elmi nəticələr əldə olunmuşdur. Bu nəticələr birgə məqalələr şəklində dünyanın ən nüfuzlu elmi jurnallarında çap olunmuşdur”.

V.Fərzəliyev qeyd etdi ki, seminarın təşkil olunmasının əsas məqsədi də indiyə qədər aparılmış tədqiqatların əsas nəticələrini bir daha müzakirə etmək və növbəti mərhələdə gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirməkdir.

V.Fərzəliyev müştərək beynəlxalq tədqiqat qrupunun Türkiyədən olan rəhbəri Dr., professor İlhami Gülçin haqqında qısa məlumat verərək onun elmi əsərlərinə olan ümumi istinada görə dünyanın ən reytinqli 100 min alimi sırasına daxil olduğunu, apardığı elmi araşdırmaların dünyada kimya, biologiya, fermentlər kimyasının mexaniziminin tədqiqi üzrə olmaqla tibbin ən geniş yayılmış patoloji proseslərə qarşı enzim-izoenzimlərin antioksidant, inhibitor fəallıqlarının tədqiqini əhatə etdiyini bildirdi.

“AMEA Aşqarlar Kimyası İnstitutu ilə Atatürk Universiteti arasında beynəlxalq əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri” mövzusunda çıxış edən elmi işlər üzrə direktor müavini k.e.d., dosent Əfsun Sucayev bildirdi ki, qardaş ölkənin aparıcı universiteti olan Atatürk Universiteti dünyanın reytinq siyahısında ən öndə yer almışdır: “Bu elm mərkəzi ilə beynəlxalq əməkdaşlıq təkcə Aşqarlar Kimyası İnstitutu deyil, digər akademik elm mərkəzləri və universitetlərimizin fundamental nəzəri tədqiqatlarının səviyyəsinin əsaslı şəkildə artırılmasına səbəb olub. İndyiə qədər bu universitetlə əməkdaşlıq nəticəsində 30-a yaxın müştərək məqalə Azərbaycan adı olmaqla, dünyanın nüfuzlu elmi bazalarında arxivləşmiş və onlara toplam 1000-dən çox istinad olunmuşdur”.

O bu əməkdaşlığın hələki Azərbaycanın bu sahədə mövcud potensialını tam əks etdirmədiyini vurğuladı və gələcək əməkdaşlıq üçün yeni-yeni istiqamətlərin müəyyənləşdirildiyini və həmin istiqamətlərdə daha çox tədqiqatların aparılacağını, potensiallı gənclərin həmin elmi mərkəzə təcrübəkeçməyə cəlb olunacağını, birgə konfransların təşkil olunacağını qeyd etdi.

Atatürk Üniversitesi, Fen Fakültesi, Kimya Bölümünün professoru, Biokimya laboratoriyası Elmi Araşdırma Qrupunun rəhbəri Dr. İlhami Gülçin “Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli təsiri" mövzusunda məruzə etdi. O çıxışında canlı orqanizmlərdə hüceyrə səviyyəsində enzim-izoenzim fəaliyyətinin pozulması nəticəsində yaranan bədxassəli şişlər, Alzeymer, qlaukoma, şəkərli diabet, hipertoniya kimi çox yayılan qlobal xəstəliklərin yaratdığı patoloji halların tamam dayandırılması və zəiflədilməsi istiqamətində AMEA Aşqarlar Kimyası İnstitutu və digər elmi mərkəzlərdə sintez olunan inhibitorların antioksidant, metabolizm və digər bioloji fəallığının tədqiqi istiqamətində yerinə yetirilən tədqiqatların əsas nəticələri haqqında geniş məlumat verdi, hazırda davam etdirilən elmi araşdırmaların perspektiv imkanlarını sadaladı və iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

Sonda AMEA Aşqarlar Kimyası İnstitutunun Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin(EİF-ETL-2020-2(36)) qalibi olmuş "Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi" layihəsi çərçivəsində sintez olunacaq daha təsirli fizioloji fəal maddələrin üzərində molekulyar dokinq tədqiqatların Atatürk Universitetinin biokimya laboratoriyalarında  aparılması razılaşdırıldı, bu istiqamətdə birgə əlaqələrin genişləndirilməsi məqsədəuyğun sayıldı.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.