Fotos
Şuşada 39 ildən sonra Vaqif Poeziya Günləri keçirilib
Sen 01 , 2021 | 02:35 / Mühüm hadisələr
Oxunma ( 1124 )

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlət başçısı açılış mərasimində çıxış edərək böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin Poeziya Günlərinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.

Prezident İlham Əliyev Sovet dövründə xanlıqların tarixin qara ləkəsi kimi qələmə verildiyini qeyd edərək, bu məqbərənin məhz Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində ucaldıldığını və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqini tapdığını vurğulayıb.

Ölkə başçısı Vaqifin məqbərəsinin işğal edilmiş torpaqlarda bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qaldığını bildirib: “Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik”.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-yazıçı İlqar Fəhmi, Xalq yazıçısı Elçin Əfəndiyev çıxış ediblər. Natiqlər Şuşanın bundan sonra daha da gözəlləşəcəyinə, böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcəyinə əminliklərini ifadə ediblər. Ölkə Prezidenti İlham Əliyevin adının Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacağını bildiriblər.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Günel Şamilqızı “Müjdə” şeirini, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Şəhriyar Del Gerani isə şəhidlərə və Şuşaya həsr etdiyi şeirini səsləndirib.

Çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub.

Sonda gənc musiqiçilər “Qarabağ şikəstəsi”ni ifa ediblər.Daha sonra tədbir iştirakçıları və şuşalılarla xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidentləri, akademiklər Nərgiz Paşayeva və İsa Həbibbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov da iştirak ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.