Fotos
“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Noy 11 , 2021 | 03:00 / Elmi müsabiqələr
Oxunma ( 1304 )

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda “Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, ilk dəfə keçirilən müsabiqədə Azərbaycan alimlərinin və gənc tədqiqatçıların elmi işlərinə baxılıb. Ali məktəblərin elmi-pedaqoji işçilərindən, elmi-tədqiqat institutlarının rəhbər və mütəxəssislərindən eləcə də iri təşkilat və müəssisələrin rəhbər və nümayəndələrindən ibarət müsabiqə komissiyası alim və gənc tədqiqatçıların tətbiqi mümkün olan ən maraqlı və aktual elmi işlərini müəyyən edib.

Tədbirdə fondun icraçı direktoru Mehriban İmanova qalibləri obyektiv qiymətləndirən ekspert komissiyasının üzvlərinə minnətdarlığını bildirib. O, qalibləri təbrik edərək onların elmi işlərinin yüksək səviyyədə olduğunu qeyd edib.

Tədbirdə qaliblərin bal cədvəlləri nümayiş olunub. Onlara sertifikat, diplomlar və pul mükafatları təqdim edilib.

“Sinam” MMC şirkəti müsabiqənin baş sponsoru olmaqla qaliblərə kompüter və planşetlər verib.

Qaliblər öz minnətdarlığını bildiriblər, müsabiqənin gələcək illərdə də müntəzəm olaraq keçirilməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil etdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinə 2021-ci ilin oktyabr ayında start verilib. Müsabiqəyə daxil olan elmi işlərin ekspertizası oktyabrın 12-dən noyabrın 5-dək aparılıb. Müsabiqənin nəticələri noyabrın 10-da açıqlanıb. Müsabiqədə I yerin qalibi AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Elçin Hüseynov, II yerin qalibləri AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları Əfsun Sucayev, Emin Qəribov, Parham Taslimi, Məhəmməd Karaman və Mohammad M.Zangeneh, Bakı Mühəndislik Universitetinin əməkdaşları Şəhriyar Muxtarov, Ceyhun Mikayılov, Suğra Hümbətova, Vüqar Muradov, III yerin qalibləri isə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Şamo Tapdıqov, AMEA-nın Fizika İnstitutunun əməkdaşı Elçin Cəfərov və Joris Van der Jeugt olub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.