II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi keçirilib
Noy 08 , 2021 | 11:25 / Mühüm hadisələr
Noy 08 , 2021 | 11:25 / Mühüm hadisələr
Oxunma ( 885 )
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi hibrid rejimdə öz işinə başlayıb.
“Zoom” platforması üzərindən dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı konqresin Azərbaycan tərəfindən təşkilatçıları AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Türkiyə tərəfindən təşkilatçılar isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.
Tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilib.
Sonra Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə həsr edilmiş videoçarx nümayiş olunub.
Açılış mərasimində çıxış edən tədbirin Təşkilat Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını konqresin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev adından salamlayıb. O, hər kəsi Zəfər Günü münasibətilə təbrik edib, konqresin məhz belə bir gündə keçirilməsini mühüm tarixi hadisə kimi qiymətləndirib.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov müasir Azərbaycan tarixinin ən önəmli günlərindən birində – birinci ildönümünü qeyd etdiyimiz Zəfər Günündə keçirilən konqresin işinə uğurlar arzulayıb.
Akademik A.Həşimov 30 ilə yaxın erməni tapdağı altında qalan doğma Qarabağ torpaqlarının 2020-ci il noyabr ayının 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin əzmkarlığı, qətiyyəti, Azərbaycan Ordusunun misilsiz şücaəti hesabına öz həqiqi sahiblərinə qaytarıldığını vurğulayıb.
Alim bu tarixi gündə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş, xalqımızın qürur yeri, fəxarət qaynağı olan şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anıb, yaralılara, qazilərimizə şəfa və uzun ömür diləyib.
O, Vətən müharibəsindəki tarixi Zəfərin ardınca dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa işlərinə, böyük quruculuq fəaliyyətlərinə başlanıldığını qeyd edərək, torpaqların erməni işğalından azad edilməsi sayəsində 30 ildən sonra regiona elmin də böyük qayıdışının başlandığını bildirib. Akademikin sözlərinə görə, AMEA ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi işinə öz töhfəsini verdiyi kimi, Qarabağın bərpasında da üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirməyə hazırdır və bunun üçün bütün potensiala malikdir: “Ölkəmizdə elmin əlaqələndiricisi olan AMEA-da bu istiqamətdə görülən işlərə dəstək vermək üçün “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” qərar qəbul edilmişdir”.
Akademik A.Həşimov Azərbaycanda, o cümlədən Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin artırılmasına imkan verən islahatların aparıldığını, müxtəlif elm sahələrinin, xüsusilə tətbiqi elmlərin, innovativ tədqiqatların inkişafı istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib, Akademiyada idarəçilik sisteminin və elmin təşkili işinin təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına uyğun qurulması prosesinin fasiləsiz şəkildə davam etdirildiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova 44 günlük müharibə və onun məntiqi yekunu olan Zəfər Gününün müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, milli mənliyimizin xilası olduğunu, Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.
“Qələbənin ən vacib təməl daşlarından biri Azərbaycan xalqının dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandanla yanaşı dayanması, iqtidar-xalq birliyinin sarsılmazlığı olmuşdur”, - deyə bildirən AMEA-nın vitse-prezidenti böyük Zəfərin qazanılmasında Türkiyə dövlətinin Azərbaycanın haqq işinə mənəvi dəstəyinin mühüm rolu olduğunu deyib. Əlavə edib ki, 15 iyun 2021-ci il tarixində türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Republikasının Prezidenti İlham Əliyev və Türkiyə Republikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki dövlət arasındakı müttəfiqlik münasibətlərini yeni səviyyəyə qaldırmışdır.
Akademik İ.Hüseynova işğal dövründə Qarabağda ermənilər tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə zidd olaraq biomüxtəliflik, yeraltı və yerüstü sərvətlərin talan edildiyini, meşə, otlaq, torpaq və su ehtiyatlarından düşməncəsinə istifadə olunduğunu vurğulayıb. O, işğal dövründə bu ərazilərdə hər hansı tədqiqat işi aparmağın mümkün olmadığını qeyd edib. Müharibənin gedişində və qələbədən dərhal sonra Azərbaycan alimlərinin Böyük Qayıdış və Böyük Dirçəlişə öz töhfələrini verməyə hazır olduqlarını bəyan etdiklərini deyən vitse-prezident hazırda Qarabağa elmin böyük qayıdışında, bərpa proseslərində elmi kollektivlərimizin fəal iştirak etdiyini bildirib.
“Bu gün Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, mövcud bioloji və ekoloji durumu, gələcək inkişaf perspektivləri ciddi multidissiplinar tədqiqatların mövzusuna çevrilmişdir”, - deyə vurğulayan alim bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Akademikin sözlərinə görə, AMEA-da 20-21 may 2021-ci il tarixlərində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda keçirilmiş konqres bu sahədə çalışan alim və mütəxəsissləri vahid virtual məkanda toplamaqla müvafiq fəaliyyətlərlə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi baxımından önəmli hadisə olmuşdur. O, AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının bu günlərdə ingilis dilində çapdan çıxacaq xüsusi nömrəsinin Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarının tədqiqinə həsr edildiyini qeyd edib.
Vitse-prezident oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” adlı tarla seminarı və seminardan sonra Bazanın işğaldan azad edilmiş və minalardan təmizlənmiş ərazilərində əkin işlərinin aparılmasının da regionda aqrar tədqiqatların bərpası istiqamətində atılmış mühüm addım olduğunu deyib. Qeyd edib ki, alimlərimiz tərəfindən regionun su ehtiyatlarının radioekoloji və mikrobioloji tədqiqi üzrə də xeyli iş görülmüşdür.
Sonda akademik İ.Hüseynova tətbiqi elmlər sahəsində multidissiplinar tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədilə beynəlxalq elmi platforma yaratmağı hədəfləyən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresində mühüm elmi nailiyyətlərin nümayişinə şahidlik ediləcəyinə əminliyini bildirib.
Daha sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti, Dr. Mustafa Latif Emek çıxış edərək bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
M.Emek 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını öz havadarlarının köməyi ilə işğal altında saxlayan Ermənistanın tarix boyu birlikdə yaşadığı xalqlara, qonşu dövlətlərə hər zaman vandalizm siyasəti yeritdiyini, dövlət və millət əxlaqına sığmayan vasitələrlə qarayaxma fəaliyyəti ilə məşğul olduğunu, digər dövlətlərin provokativ siyasətinin alətinə çevrildiklərini diqqətə çatdırıb. O, ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərin heç bir zaman unudulmayacağını vurğulayıb.
“Azərbaycanın Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun şücaəti sayəsində qazanılmış Zəfər yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin vandalizm üzərində tarixi qələbəsidir”, – deyə bildirən institut rəhbəri Qarabağ torpaqlarının bundan sonra sülh, əmin-amanlıq içərisində və insanlığın layiq olduğu bütün dəyərlərə sahib olaraq əbədi Azərbaycan torpağı kimi qalacağına əminliyini ifadə edib.
M.Emek Qarabağın yenidən dirçəlməsində, ermənilərin törətdikləri vandalizm əməllərinin dünyaya çatdırılmasında alimlər üzərinə böyük vəzifələr düşdüyünü qeyd edərək, rəhbərlik etdiyi institutun bundan sonra da Qarabağ həqiqətlərinin beynəlxalq arenada tanınması üçün bütün zəruri addımları atacaqlarını deyib.
O, bu gün Azərbaycanın yetişdirdiyi alim və mütəxəssislərin dünyanın aparıcı elm mərkəzlərində, qurumlarında və şirkətlərində çalışdıqlarını, Azərbaycan bayrağını dünyanın hər bir nöqtəsində qürurla dalğalandırdıqlarını diqqətə çatdırıb.
M.Emek çıxışının sonunda tarixi əhəmiyətli gündə keçirilən konqresin işinə uğurlar arzulayıb.
Tədbir işini seksiya iclasları ilə davam etdirib.
Qeyd edək ki, 3 gün davam edəcək konqresdə 24 virtual iclas zalında 10-dan çox elm sahəsi üzrə 20-yə qədər ölkədən təqdim edilmiş 220-yə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.