
Noy 18 , 2021 | 02:26 / Mühüm hadisələr
AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "27 Mart - Elm günü"nə həsr olunan geoloq və geofizik tələbələr üçün “Gələcəyə addım - II” adlı ümumrespublika olimpiadası ali ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.
Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytında qeydiyyatdan keçməlidirlər:
https://sites.google.com/view/olimpiada2022
Müsabiqənin hər iki mərhələsi AMEA Geologiya və Geofizika İnstitutunda təşkil ediləcəkdir. Birinci mərhələdə onlar təqdim ediləcək mövzunun izahlı cavabından ibarət esseni (Azərbaycan, ingilis və ya rus dilində, 5 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi-təşkilat Komitəsinin müvafiq meyarlar üzrə aparılacaq qiymətləndirilmələrdən sonra ən yaxşı essenin müəllifləri final mərhələsinə yüksələcəkdir. Final mərhələsində uğur qazanan iştirakçılar dörd nominasiyasa üzrə qalib elan ediləcəklər.
Qaliblər üçün mükafat fondu:
I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
Müsabiqənin nəticəsindən asılı olaraq, ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatların təqdimi də nəzərdə tutulur.
Müsabiqədə iştirak üçün qeydiyyat 2022-ci il yanvar ayının 31-nə kimi aparılır.