Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının geniş tərkibdə ilk iclası keçirilib
Yan 07 , 2022 | 06:30 / Mühüm hadisələr
Oxunma ( 327 )

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün geniş tərkibdə ilk iclası keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov və idarənin əməkdaşları, şuranın sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, şuranın İdarə Heyətinin üzvləri, həmçinin AMEA-nın elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuralarının yeni sədrləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov açıb. O, gənclərin işğaldan azad edilmiş ərzilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində 2022-2024-cü illər üzrə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilə biləcək layihələrdə yaxından iştirakının təmin olunması, bu istiqamətdə yeni layihələrin təqdim edilməsi məsələlərinin vacibliyinə toxunub. Bildirib ki, təqdim olunacaq layihələr müasir dövrün tələblərinə cavab verməli, yeni təkliflər irəli sürülməlidir.

R.Rüstəmov Pakistan və Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi perspektivlərindən danışıb, birgə layihələrin icrası, mərkəzlərin yaradılmasının əhəmiyyətindən bəhs edib. O, həmçinin gənclərin müxtəlif beynəlxalq proqramlara dair maarifləndirilməsi üçün treninq-seminarların təşkili məqsədilə İşçi qrupun yaradılmasını təklif edib.

İdarə rəisi gənc alimləri növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin reallaşdırılması ilə bağlı layihələrdə daha fəal iştirak etməyə çağırıb.

Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev gənc alimlərin hər zaman ölkə rəhbərliyi, eləcə də Akademiya rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Şura sədri gənclərin daima AMEA-nın elmi-ictimai fəaliyyətində, gəncliklə bağlı müəyyənləşdirilmiş strategiyanın həyata keçirilməsində mühüm rol oynadıqlarını deyib.

AMEA-da ölkənin ictimai, sosial və mədəni həyatında intellektual gəncliyin çəkisinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyən E.Babayev gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində görülən işlərdən danışıb.

“AMEA-da aparılan islahatlar gənc alimlərin dünya elminə inteqrasiyasına geniş imkanlar yaradır”, - deyə vurğulayan şura sədri gənclərin sosiallaşması, onların elmi əməkdaşlıq və qarşılıqlı ünsiyyətinə xidmət edən mühitin yaradılmasında göstərilən diqqətə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. E.Babayev gənc alimlərin onlara göstərilən etimadı doğruldacaqlarına inamını ifadə edib.

Daha sonra sədr şura üzvlərinə elmi fəaliyyətlərində uğurlar arzu edərək onları İdarə Heyəti üzvləri ilə yaxından tanış edib.

İclasda şuranın 2022-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.

Şuranın sədr müavini, Ədəbiyyat İnstitutunun elmi işçisi Şəfa Əliyeva yeni layihələrin icrası, gənclərin fəaliyyətinin sosial platformalarda daha fəal təbliği, maarifləndirmə, anım tədbirlərinin təşkili, beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin keçirilməsi, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı təklifləri diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər Azərbaycan Gəncləri Gününün Şuşa şəhərində keçirilməsi, “Şuşa ili” ilə bağlı məktəblilər arasında esse və şeir müsabiqələrinin təşkili, gənclər üçün müxtəlif elmi istiqamətlər üzrə elmi seminarların keçirilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərin öz təcrübələrini gənc alimlərlə bölüşməsi üçün tədbirlərin görülməsi, təhsildən geri qalan bölgələrdə elmi layihələrin icrası və s. istiqamətlərdə təkliflər səsləndiriliblər.

©  www.science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.