Fotos
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilib
Yan 18 , 2022 | 09:33 /
Oxunma ( 732 )

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş nitqiylə açan İnstitutun İcraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün idi.

Sonra  Institutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi 20 Yanvar hadisələrinin şahidi kimi öz xatirələrini bölüşüb. O, hazırki dövrdə gənclərin müasir kommunikasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə ölkəmizin tarixi faktlarının dünyaya çatdırılmasında vacib rolundan bəhs edib.

Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev  20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildirib. E.Babayev çıxışında 20 Yanvar hadisələrinə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilməsindən danışaraq Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanı, “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında fərmanı,  “Əbədi məşəl” abidə-kompleksinin layihələndirilməsindən və tikintisindən bəhs etmişdir. Daha sonra natiq ölkə başçısı Ali Baş Komandan İlham Əliyev də həmin siyasi kursu uğurla davam etdirərək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, eləcə də onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlamasını və bu istiqamətdə həyata keçirdiyi mühüm tədbirləri diqqətə çatdırmışdır. 

 Sonda bildirilmişdir ki, həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə  dərin ehtiramla yad ediləcək.

İclasın sonunda şəhidlərin əziz xatirəsinin 20.01.2022 –ci il tarixində saat 12:00 –da ziyarət olunacağı elan edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.