Fotos
Vətən müharibəsinin şəhidi Elnur Hacıyevin şəxsi əşyaları muzeyə təhvil verilib
Yan 26 , 2022 | 01:43 /
Oxunma ( 709 )

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Elnur Hacıyevin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.      

Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb.

Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. O, 2002-2006-cı illərdə Qobustan rayonunda, 2006-2011-ci illərdə Tovuz rayonunda, 2011-2015-ci illərdə Ağdam rayonunda, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib. 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə Kimya xidməti rəisi kimi hərbi qulluğunu davam etdirmiş, 2020-ci ilin fevralında  qüsursuz xidmət edərək təqaüdə çıxmışdı.

Mayor Elnur Hacıyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 17-də Elnur Hacıyev Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ucar Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Qeyd edək ki, mayor Elnur Hacıyevin şəxsi əşyaları ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna muzeyin əməkdaşı Esmira Rəhimovanın vasitəsilə təhvil verilib.

https://science.gov.az/az/news/open/19654

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.