Fev 01 , 2022 | 08:54 / Mühüm hadisələr
Fevralın 1-də Bakı Kitab Mərkəzində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “2 fevral Gənclər günü”nə həsr olunmuş “Şuşa ili və milli ideologiyanın həyata keçirilməsində gənclərin rolu” mövzusunda ümumrespublika tədbiri keçirildi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək öncə Gənclər günü münasibəti ilə gəncləri təbrik etdi. Gəncliyin cəmiyyətdə aparıcı qüvvə olmasından, ölkə rəhbərliyinin gənclərə olan etimadından, onlara yaradılan şəraitdən danışdı. Gənclərin elmə gəlişinə diqqət çəkən İlham Məmmədzadə bu sahədə də son illər artımın olduğunu bildirdi. Gənclərin 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlarından danışan proferssor vurğulayıb ki, gənclərimiz həm döyüş meydanında, həm də informasiya savaşında yüksək vətənpərvərlik nümayiş etdirdilər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP İnstitut üzrə partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayevanın moderatorluğu ilə davam edən tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiya” şöbəsinin elmi işçisi, doktorant Hafizə İmanova “Gənclərin təxəyyülündə Şuşa-özümüzə qayıdış simvolu kimi”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işcisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Milli ideologiyanın istiqamətləri və onun reallaşmasında gənclərin rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam Fəlsəfəsi şöbəsinin”kiçik elmi işçisi Ceyran Hüseynli “Müasir dövr gənclərinin qəhrəmanlıq tarixçəsi” mövzusunda məruzə ilə çıxış etdilər.
Tədbirdə Vətən müharibəsi Qazisi, cəsur döyüşcü, Suqovuşan Medalı, Yüksək Xidmətlərə Görə Medalının sahibi Ədil Ədilov, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi, gənc alim Mətanət Əliyeva, Bakı şəhər 307 saylı ümumtəhsil məktəbin müəllimi Sevinc Məmmədova qabaqcıl şagirdləri ilə, Təhsil Nazirliyi Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzindən Günel Abdullayeva və digər qonaqlar iştirak edirdilər. Sonra f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Rəna Mirzəzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, f.ü.f.d., Zöhrə Əliyeva və digər natiqlər çıxış edərək mövzu ilə bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.