Yan 31 , 2022 | 09:30 / Mühüm hadisələr
Yanvarın 31-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Daim yeni üfüqlərə doğru” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri muzeyin baş direktoru akademik Rafael Hüseynov açaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, dövlətimizin bu sahəyə diqqət və qayğısından söz açıb. Rafael Hüseynov bildirib ki, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Gənclər həmişə tarixdə sabaha ümid yeri olub, keçmişdə baş verənləri gələcəyə daşıyan körpü rolunu oynayıblar. Nəsillər hər zaman gəncliyə böyük ümid və inam bəsləyiblər.
Akademik XX əsrin əvvəllərində böyük dramaturq Hüseyn Cavidin yaradıcılığında, xüsusilə “Azər” poemasında gənclik mövzusuna xüsusi yer verdiyini bildirib. O, ədibin gənclərə həsr olunan şeirlərindən nümunələr səsləndirib, hər zaman Hüseyn Cavidin gənc nəslə böyük ümidlə baxdığını və inandığını söyləyib.
Azərbaycan gəncliyinin ölkəmizin inkişafında və çiçəklənməsində xidmətlərini xüsusi qeyd edən Rafael Hüseynov müasir dövrdə də, xüsusilə Qarabağ müharibəsində gənc nəslin öz sözünü dediyini, bu gün onların cəmiyyətin ən aparıcı qüvvələrindən birinə çevrildiyini bildirib.
Akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında və gənc nəslin yüksək səviyyədə təhsil almasında mühüm xidmətlərindən bəhs edib. Bildirib ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Bu siyasətin nəticəsidir ki, hazırda respublikamızda idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü bir nəsil yetişdi, müxtəlif ixtisaslar üzrə respublikanın milli kadr potensialı formalaşdı. Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrini bitirib Vətənə qayıdan həmin gənclər həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı istiqamətində müxtəlif sahələrdə fəaliyyətlərini uğurla davam etdirməyə başladılar və ölkənin çiçəklənməsinə öz töhfələrini verdilər. Bütün bunların hamısı Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu siyasətin nəticəsidir ki, hazırda respublikamızda idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü bir nəsil yetişib.
Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən akademik Rafael Hüseynov onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin laborantı Turanxanım Hümbətovanın “Mən gəncliyəm”, doktorant Murad Həsənlinin “Yeni bəşəri çağırışlarla səsləşən gənclik” mövzularında məruzələri dinlənilib.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi-məktəb studiyasının şagirdi Teymur Kazımov konsert proqramı ilə çıxış edib.
Sonda muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının elmi və ictimai fəaliyyətlərinə görə fərqlənən bir qrup üzvünə diplom və sertifikatlar təqdim olunub.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi