Fotos
AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
Fev 02 , 2022 | 11:23 / Mühüm hadisələr
Oxunma ( 824 )

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. İclasda institutun rəhbərliyi, GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələri nümayəndələri və digər əməkdaşlar iştirak ediblər. Tədbirə, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbələri dəvət olunub. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq seminar iştirakçılarını institutun rəhbərliyi adından Gənclər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda sağlam düşüncəli və savadlı gənclərin yetişdirilməsi dövlət siyasətinin ən prioritet istiqamətlərindəndir. Məhz bu günün təsis edilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci ildə həyata keçirilmişdir. Ölkədə gənclərin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Liderin bu istiqamətdə siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Ə.Sadıqov bildirib ki, Azərbaycan gəncliyi müxtəlif fəaliyyət sahələri üzrə təkcə ölkədə deyil, onun hüdudlarından kənarda, dünya miqyasında da qazandıqları uğurlarla özünü doğruldur. Məhz bu məqamda II Qarabağ Müharibəsində ölkə başçısının çağırışlarına cavab verərək ordu sıralarına yazılan, ən çətin şəraitdə belə daima ruh yüksəkliyində olan, ölkənin ərazi bütövlüyü uğrunda vuruşan gənc əsgər və zabitlərdən bəhs edən alim onların Azərbaycan gəncliyinin ən parlaq nümunələri olduğunu bildirdi.

Müasir dövrdə gənclərin dünya elminə inteqrasiyası, yüksək səviyyəli kadr kimi yetişməsi istiqamətində həyata keçirilən tədbirlər, sərəncamlar, dövlət proqramlarını xatırladan alim hazırda ölkənin ictimai-siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib. Bildirib ki, dövlət quruculuğunda və digər taleyüklü məsələlərdə gənclərin daha yaxından iştirakına şərait yaradılması məqsədilə gənclər təşkilatlarının inkişafına xüsusi diqqət yetirilir. Məhz bu istiqamətdə xüsusilə fərqlənən qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası, o cümlədən İdarəetmə Sistemləri İnstitutudur. İSİ-də həyata keçirilən tədbirləri, gənc kadr siyasətini, onların elmi istiqamətdə inkişafına göstərilən diqqəti xüsusilə qeyd edən Ə.Sadıqov Azərbaycan elminin inkişafında fəal iştirak edən gənclərə gələcək fəaliyyətlərində də uğurlar arzulayıb.

Sonra İSİ GAMŞ sədri Lamiyə Nəcəfova çıxış edərək şura üzvlərini təbrik edib, gənclərin elmdəki rolundan bəhs edib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkədə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Qeyd edib ki, bu gün Azərbaycan Respublikası dünyada çox sürətlə inkişaf edən ölkələr sırasındadır. Məhz bu məqamda uğurlarla kifayətlənməmək, daim irəliyə baxmaq, nöqsanları, problemləri aradan qaldırmaq müasir dövrdə gənclərin qarşısında duran əsas vəzifələrdəndir.

L.Nəcəfova bildirb ki, cəmiyyətdə elmi fəaliyyətin və gənc alimlərin nüfuzunun artırılması, eləcə də onların sosial vəziyyətinin yaxşılaşdırılmasının bu günün ən aktual məsələsi olduğunu nəzərə alaraq, akademiya daxilində gənclər üçün müəyyən stimullaşdırıcı elmi müsabiqə təşkil olunur. O, bu istiqamətdə İSİ-də gənclərə göstərilən diqqət və qayğıdan bəhs edərək şura üzvləri adından institut rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra GAMŞ-ın katibi Rayihə Niyazova çıxış edərək Gənclər Gününün yaranması və tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ölkənin aparıcı qüvvəsi olan gənclər dövlət idarəçiliyi, mədəniyyət, iqtisadiyyat, idman və s. sahələrdə fəaliyyət göstərir, ölkəni layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə edirlər. O, gənclərin elmdə təmsil olunmasının önəmini vurğulayaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və onun uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, bu gün gənclərin hərtərəfli inkişafına şərait yaradılır, təhsil və məşğulluq sahələrinə dövlət dəstəyi göstərilir, onların innovativ və yaradıcı potensialının üzə çıxarılması istiqamətində uğurlu addımlar atılır. Çıxışının sonunda R.Niyazova şura üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra böyük laborant Pünar Quliyeva çıxış edərək 4 fevral 2022-ci il tarixində Azərbaycanın görkəmli alimi, elm dünyasına önəmli kəşflər, yeni anlayışlar gətirən professor Lütfi Zadənin yubileyi olduğunu xatırladıb. Qeyd edib ki, dünya elminə önəmli töhfələr verən nəzəriyyələrin müəllifi olan alimə dünya şöhrəti qazandıran isə məhz elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. O, 1965-ci ildə irəli sürülən bu nəzəriyyənin dəyərləri və prinsiplərindən bəhs edərək qeyd edib ki, müasir dövrdə müxtəlif sahələrdə uğurla tətbiq olunan nəzəriyyə süni intellekt sahəsinin inkişafında yeni dövrün əsasını qoymuşdur. Nəzəriyyə haqqında ətraflı məlumat verən P.Quliyeva gəncləri təbrik edib, uğurlar arzulayıb.

GAMŞ sədr müavini Rüstəm Əzimov çıxış edərək müasir dövrdə gənclərin inkişafından, dövlət tərəfindən göstərilən xüsusi diqqətdən, gənclərin üzləşdiyi problemlərdən bəhs edib. O, Azərbaycan elminin aparıcı qüvvəsi olan gənclərin qarşılaşdığı problemlərin aradan qaldırılmasının, onlara düzgün istiqamət verilməsinin önəminə toxunaraq bu sahədə atılan addımlar və gələcək perspektivlərlə bağlı ətraflı fikirlərini səsləndirib. İdarəetmə Sistemləri İnstitutunda ölkənin qabaqcıl alimlərinin gənclərə göstərdiyi dəstəkdən bəhs edərək şura üzvlərini bayram münasibəti ilə təbrik edib, yeni nailiyyətlər arzulayıb.

Sonra GAMŞ sədr müavini Nərmin Abbaszadə müasir dövrdə Azərbaycan gənclərinin fəaliyyət istiqamətləri və uğrlarından bəhs edib. O, qlobal çağırışlara cavab vermək istiqamətində müasir dövrün əsas aparıcı qüvvəsinin gənclər olduğunu qeyd edərək hər bir ölkənin gələcək müqəddəratının məhz gənclərin bilik və bacarığının nə dərəcədə inkişaf etdirilməsindən asılı olduğunu bildirib. Qeyd edib ki, gənclərin vətənə böyük sevgi və sədaqətlə tərbiyə olunması və yüksək səviyyəli kadr kimi hazırlanması isə xüsusilə vacib nüanslardandır. Müasir Azərbaycan gəncliyi müxtəlif fəaliyyət sahələri üzrə təkcə ölkədə

deyil, onun hüdudlarından kənarda, dünya miqyasında qazandıqları uğurlarla özünü doğruldur.

N.Abbaszadə bildirib ki, hazırda ölkənin ictimai-siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şərait yaradılıb. Qeyd edib ki, Azərbaycan Respublikası kimi inkişaf etmiş bir ölkənin vətəndaşı olmaq özünü təkmilləşdirmək istəyən gənclər üçün gözəl imkanlar yaradır və bu imkanlardan səmərəli şəkildə yararlanmaq lazımdır. O, çıxışının sonunda gənclərə göstərilən xüsusi diqqət və qayğı üçün İSİ rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda İSİ İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d., Aygün Əliyeva və elmi işçi Səyyarə Hidayətzadə çıxış edərək müasir dövrdə elmin inkişafında gənclərin xüsusi rolunu qeyd edərək bu istiqamətdə AMEA, o cümlədən İSİ-də həyata keçirilən işlərdən söz açıblar. A.Əliyeva qadınların təhsildə və elmdə iştirakının inkişafı ilə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs edərək ölkədə elmi sahədə gender probleminin aradan qaldırıldığını vurğulayıb. Alim şura üzvlərini Gənclər Günü münasibəti ilə təbrik edib, tövsiyyələrini səsləndirib, onlara yeni nailiyyətlər arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.