Fev 02 , 2022 | 11:53 / Mühüm hadisələr
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənclər Gününə həsr olunmuş “Gələcək bizik” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Akademik qeyd edib ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti ölkə gəncliyinin inkişafında mühüm rol oynayıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər il bu gün böyük təntənə ilə qeyd edilir. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 2011-ci il 7 iyul tarixli “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2015-ci il 26 yanvar tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamları gənclərə dövlət səviyyəsində diqqət və qayğının bariz nümunəsidir. Bu strategiya Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, gənc nəslin problemlərinin həlli və s. kimi məsələləri əhatə edir.
Akademik qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Hazırda gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Paralel olaraq gənc alimlərimiz müxtəlif elm sahələrində əzmlə çalışır və elmi potensialımızı gücləndirirlər. Sevindirici haldır ki, bu gün gənclərimiz xarici ölkələrdə respublikamızı layiqli təmsil edirlər. Belə ki, hazırda xaricdə 400-dən çox universitetdə azərbaycanlı gənclərimiz təhsil alır. Ötən il institutun doktorantı Aynurə Rzayeva Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində birgə doktorantura üzrə təqaüd proqramının qalibi olub. Həmin proqram çərçivəsində Aynurə Rzayeva iki il müddətində Monpelye Universitetinin Aqro polimer mühəndisliyi və yeni texnologiyalar birgə tədqiqat birliyi laboratoriyasına ezam olunub.
Akademik bildirib ki, hazırda institutda və ümumilikdə Akademiyada gənclərin elmi fəaliyyətlərinin inkişafı üçün münbit şərait var. Eyni zamanda gənclərimiz xarici ölkələrin elm mərkəzləri ilə əlaqədə olmaq, dünya elminə inteqrasiya etmək, müxtəlif təqaüd proqramlarında iştirak etmək üçün xarici dilə mükəmməl yiyələnməlidirlər.!
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Gənc Alim və Mütəxəssislər Şurasının AMEA-nın və ölkənin elmi gəncliyinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın 42 elmi təşkilat və müəssisəsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası təxminən 2500 gənci əhatə edir. Qeyd edib ki, Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elmin ölkə üzrə gənclər arasında populyarlaşdırılması istiqamətində xeyli işlər görülüb, istedadlı gənclərin elmə cəlb edilməsi məqsədilə son illər ərzində paytaxt və regionlarda yerləşən ümumtəhsil ocaqlarında elmi-əyləncəli-öyrədici müsabiqələr təşkil olunub, bir neçə beynəlxalq konfrans və vebinar keçirilib. Şura sədri bildirib ki, bu gün gənclər Azərbaycanın elmi-mədəni və ictimai həyatında böyük rola malikdir və onlar ölkəmizin taleyüklü məsələlərinin həll olunmasında yaxından iştirak edirlər.
Tədbirdə institutun doktorantı Ülviyyə Qurbanova maraqlı çıxış edərək gənc yaşda nəaliyyətləri ilə fərqlənən dünya şöhrətli alimləri misal göstərərək gənclərimizi elm yolunda inamlı və qətiyyətli olmağa səsləyib.
Daha sonra tədbirdə 2021-ci ildə elmdə qazandıqları uğurlara görə institutun gəncləri Elnur Oruclu və Nigar İbrahimova Fəxri fərmanla təltif olunublar.