Fotos
Rəsədxanada "Qadınlar və qızlar elmdə günü" ilə bağlı tədbir keçirilib
Fev 14 , 2022 | 10:05 / Mühüm hadisələr
Oxunma ( 874 )

11 fevral 2022-ci il tarixində AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Qadınlar və qızlar elmdə gününə həsr olunmuş "Qadınların elmə inteqrasiyası" adlı tədbir keçirilib. Tədbirdə ŞAR-ın gənc alim və mütəxəssisləri Lənkəran rayon S.X. Ələmov adına Biləsər kənd tam orta məktəbinin şagirdləri üçün maraqlı məruzələr təqdim ediblər.

Tədbiri ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova açaraq, tarixən Azərbaycan qadınının hər zaman intellekti və zəkası ilə seçildiyini bildirib, ölkənin elm, təhsil və mədəniyyət tarixində onların rolu, gördükləri işlər, əldə etdikləri nailiyyətlərdən danışıb.

Sonra ŞAR-ın "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin elmi işçisi Aysel Rüstəmova "Azərbaycan elminə töhfə verən qadınlar" mövzusunda məruzə ilə çıxış edib. O, Akademik Zərifə Əliyeva, Aida İmanquliyeva, İzzət Orucova, Rəfiqə Əliyeva, Sara Aşurbəyli və bir çox digər elm və mədəniyyət sahəsində uğur qazanmış xanımlarımız haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra ŞAR-ın "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin kiçik elmi işçisi Vüsalə Əliyeva "Dünya Astronomiyasına töhfə verən qadınlar" mövzusunda məruzsəsini təqdim edib. Məruzəçi müxtəlif ölkələrdən olan uğurlu astonom alimlər və onların nailiyyətləri haqqında tədbir iştirakçılarını məlamatlandırıb.

Məruzədən sonra çıxış üçün söz Lənkəran rayon S.X. Ələmov adına Biləsər kənd tam orta məktəbinin direktoru Aygün Babayevaya verilib. Aygün Babayeva ölkəmizi dünyada tanıdan qadın alimlərimizdən, dünya elminin sürətlə inkişaf etdiyi və elm və təhsil sahəsində böyük dəyişikliklərin baş verdiyi bir dövrdə qadınların və qızların elm və təhsilə marağının artırılması, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində işlər görülməsinin vacibliyindən danışıb. Ucqar dağ kəndində fəaliyyət göstərmələrinə rəğmən daim şagirdlərin keyfiyyətli təhsil alıb, onların gələcəyin qurulmasında təməl daşı olmasına çalışdıqlarını bildirib.

Tədbirin proqramına uyğun olaraq daha sonra ŞAR-ın "Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri" şöbəsinin böyük lobarantı Samirə Rəhimli "Kosmik uçuşlarda qadınların rolu" mövzusunda çıxış edib. Bütün sahələrdə olduğu kimi kosmonavtikada da xeyrli sayda uğurlu xanımın olduğunu vurğulayan məruzəçi, tədbir iştirakçılarına kosmosa uçan ilk qadın olan Valentina Tereşkovadan başlayaraq müasir dövrümüzə qədər bu sahədə fəaliyyət göstərən kosmonavt xanımların həyatı, fəaliyyəti və uğurları haqqında danışıb.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən AMEA GAMŞ-ın sədri Elmir Babayev də öz növbəsində xanımları əlamətdar gün münasibətilə təbrik edib. O, bildirib ki, bir çox azərbaycanlı qadınlar elmə böyük töhfələr veriblər və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların elmə interasiyasının təşkili üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində olan gender disbalansının aradan qaldırılmasıdır.

Sonda tədbir iştirakçıları tərəfindən müxtəlif təbrik çıxışları edilib, hansı peşəni seçmələrindən asılı olmayaraq xanımların hər sahədə uğurlu ola biləcəyi qeyd olunub.

AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.