Fotos
İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Fev 27 , 2022 | 11:47 / Mühüm hadisələr
Oxunma ( 777 )

25 fevral 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə GAMŞ üzvləri, şöbə və laboratoriya nümayəndələri iştirak ediblər. Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri GAMŞ sədri Lamiyə Nəcəfova açaraq bildirb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş zirehli texnika və hərbi heyətin köməkliyi ilə Xocalı şəhəri zəbt edildi. Dağlıq Qarabağı özünə birləşdirmək istəyən düşmən bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdiridi. O, qeyd etdi ki, məhz XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasından bəhs edən L.Nəcəfova qeyd edib ki, ötən illərdə dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, ölkənin bir sıra bölgələrində, həmçinin xaricdəki diasporların dəstəyi ilə dünyanın əksər ölkələrində Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb.

O, Azərbaycan torpaqlarının erməni işğalına qədərki tarixi-siyasi proseslərdən, faciənin köklərindən, faciə qurbanlarının statistik göstəricilərindən  bəhs edərək bildirib ki, düşmənin məkrli siyasətinin pik nöqtəsi məhz Xocalı soyqırımı idi. Bu dəhşətli tarixi hadisəni bütün dünya azərbaycanlıları dərin kədər hissi ilə anır.

Sonra r.e.d. İlqar Məmmədov çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımı aktının dünyada tanıdılması yönündə aparılan işlərdən söz açıb. Bu  istiqamətdə xüsusilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə  Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. Həmçinin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə tədbir iştirakçılarına məlumat verib. O, kompaniyanın təşkilatçılığı ilə Almaniya, Polşa, Fransa, Çexiya və s. ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini və Azərbaycanın haqlı mövqeyinin nümayiş olunduğunu qeyd edib.  

Faciənin tarixi və nəticələrindən bəhs edən İ.Məmmədov qeyd etdi ki, bu gün Azərbaycan qalib bir ölkə olaraq humanizmdən uzaq, mənfur xislətli düşmənin cəhdlərini tamamilə puç etmiş, tarixi torpaqlarını işğaldan azad edərək Vətən uğrunda həlak olan şəhidlərinin qisasını almışdır.

Daha sonra dosent Rəşad Məstəliyev çıxış edərək qeyd etdi ki, tarixin ən dəhşətli faciələrindən olan  Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı uzun illər boyu apardığı amansız cinayətlərin növbəti mərhələsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində illərdir əməli tədbirlərin görüldüyünü vurğulayan R.Məstəliyev qeyd edib ki, qətliamın əsl mahiyyətini açıqlamaq, siyasi-hüquqi qiymət vermək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilmişdir.

Çıxışının sonunda R.Məstəliyev faciədə zərər çəkən, yaxınlarını itirən, doğma yurdlarından didərgin düşənlərin üzləşdiyi çətinliklərdən, ağır həyat şəraitindən söz açıb, bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Sonra GAMŞ-ın katibi Rayihə Niyazova Xocalı faciəsi ilə bağlı Erməni mənbələrində, tarixçilərin əsərlərində yer alan məqamlardan bəhs edən R.Niyazova mənfur düşmənin öz haqsız mövqeyini nümayiş etdirdiyi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, qədim tarixə malik Xocalı şəhərinin blokadaya salınaraq hədəf seçilməsi heç də təsadüfi deyildi. Məhz Aran və Dağlıq Qarabağ arasında bağlayıcı rolunu oynayan Xocalı ən böyük və qədim yaşayış məskəni olmuşdur.

Xüsusi qəddarlıqla həyata keçirilən soyqırımını törədənlər məkrli siyasətləri ilə bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoysalar da Azərbaycan xalqının mübarizə əzmini qırmağa nail ola bilmədilər.

Tədbirdə, həmçinin Xocalı soyqırımına həsr olunan videoçarxlar nümayiş olunub.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.