Mart 08 , 2022 | 10:48 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadını – Cəmiyyətimizin təməl daşı kimi” adlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ilə birgə keçirilən tədbirdə rəsədxana və YAP əməkdaşları ilə yanaşı AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, o cümlədən Lənkəran rayonu S.X. Ələmov adına Biləsər tam orta məktəbindən dəvətli qonaqlar iştirak edib.
Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov giriş sözü ilə açaraq, qonaqları salamlayıb və təbrik nitqi ilə çıxış edib.
Namiq Cəlilov çıxışına xanımları təbrik edərək başlayıb və qeyd edib ki, bütün dövrlərdə tutduğu mühüm mövqe ilə seçilən qadınlar hər zaman cəmiyyətin ən dəyərli nümayəndələri kimi qiymətləndirilib. Xüsusən də, Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi, sədaqəti, ailəyə, vətənə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edən qadınlarımız hər zaman kişilərlə çiyin-çiyinə fəaliyyət göstərirlər. Onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, problemlərinin həllinə yönəlmiş əməli tədbirlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq bu gün də dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda qadınlarımız dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda təmsil olunur. Ölkəmizdə qadın hüquqlarının təmin olunmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər davam etdirilir. Qadınlarımızın özünü cəmiyyətdə təsdiqi və ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılır.
Alim bildirib ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət həmişə ön sıralarda olub. Sevindirici haldır ki, bu gün elmdə də bilik və bacarığı ilə seçilən qızlarımızın sayı gündən-günə artmaqdadır. Elə bizim Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında da xanım əməkdaşlarımız elmə bağlılığı, fəallığı ilə seçilir. Müəssisəmizin magistratura pilləsində təhsil alan gənc qızlarımız da uğurla elmi tədqiqatlarını davam etdirir, bəziləri isə magistr dərəcəsinə yiyələnərək artıq bizim əməkdaşımız kimi fəaliyyətini davam etdirir. Elmdə böyük uğurlara imza atmış qadın alimlərimiz elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl örnəkdir.
Qeyd olunanlar ölkəmizdə təlim və təhsil sahəsində olduğu kimi, elmi sahədə də gender bərabərsizliyinin aradan qalxdığının göstəricisidir. Qadınların təhsildə və elmdə iştirakının inkişafı ilə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi diqqət və qayğı ilə yanaşır. Ötən il ICESCO tərəfindən “Qadınlar ili” elan edilmişdi və Mehriban xanım həmin tədbirdə çıxış edərək Azərbaycanın 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşdüyünü və müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin də məhz azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə Bakıda yaradıldığını xatırlatmışdı. Qızların təhsili və onların elm sahəsində iştirakının zəruriliyini qeyd edərək dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizinin qızlar olduğunu və ölkəmizdə bu rəqəmin 40 faiz, yəni orta dünya göstəricisindən artıq olduğunu vurğulamışdı. Yeri gəlmişkən qeyd edim ki, hazırda ölkəmizdə qadınlar magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Bir sözlə, qadınlarımız ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılmasında yaxından iştirak edirlər.
Çıxışın sonunda bir daha xanımları təbrik edən Namiq Cəlilov daha sonra sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.
Bəxtiyar Nəbiyev də öz növbəsində xanımları təbrik edərək, mübariz və fədakar Azərbaycan qadınının daim qanlı müharibələrdə kişilərlə bərabər böyük rəşadət göstərdiyini, qələbənin təmin olunmasında canlarından keçmələrini vurğulayıb. O, qeyd edib ki, onların arasında qadın təyyarəçilər, dənizçilər, səhiyyə və rabitə işçiləri olub. Elə II Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə də qəhrəman Azərbaycan qızları öz töhfələrini veriblər. O dövrdə Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. Bu xanımın hazırladığı yüzlərlə desant və 4 min paraşütçü cəbhəyə yollanıb. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb.
Azərbaycan qadını qəhrəmanlıq mübarizəsini 80-ci illərin sonu və 90-ci illərin əvvəllərində də göstərməli olub. Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda, eləcə də tarixi həqiqətləri dünyaya çatdırmaq üçün mübarizə aparıb. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Salatın Əsgərova, Gültəkin Əsgərova, vəfatından sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudova kimi qadın Şəhidlərimiz var.
Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan qadınının qəhrəmanlıq salnaməsinə 2020-ci ildə yeni şərəfli səhifələr yazıldı. Xaçmaz rayonu Qımılqışlaq kənd sakini, hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman həlak olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu. Onun atası isə I Qarabağ savaşı zamanı şəhid olub. Ümumiyyətlə, Azərbaycan xanımları ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Fədakarlığı, mübarizliyi və məğrurluğu ilə seçilən Analarımız cəsur, mərd oğullar böyüdərək II Qarabağ müharibəsində xeyir-dua ilə cəbhəyə göndərdilər. Biz böyük qələbəyə Ali Baş Komandanımızın rəhbərliyi ilə məhz Vətənimizi dərin məhəbbətlə sevən Azərbaycan qadınının böyütdüyü qəhrəman oğullarımızın rəşadəti sayəsində nail olduq. Tarixi zəfərimizə görə Şəhidlərimizin və sağlamlığını itirmiş hərbçilərimizin analarına və xanımlarına, vətənpərvər övladlar böyüdən əsgər analarına minnətdarlığımızı ifadə edirik.
Tədbirin açılış hissəsindən sonra çıxışlar hissəsinə keçid edilib. İlk olaraq ŞAR Elmi Kitabxanasının müdiri Lalə Səlimova “8 mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixi” mövzusunda məruzə ilə çıxış edib. Sonra isə rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynur Abdulkərimova “Qadınların cəmiyyətdə və elmdə rolu”, Lənkəran rayonu S.X. Ələmov adına Biləsər tam orta məktəbinin əməkdaşı Aytac Babanlı “Ucqar regionlarda elmin təşviqinin həlli yolları”, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Dəmir dövrü” şöbəsinin elmi işçisi Lola Hüseynova “Dünya tarixində qadının rolu”, ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin böyük laborantı Zümrüd Binnətova “Azərbaycan tarixində güclü qadınlar”, Azərbaycan Dövlət İqtisad Universiteti filialının kitabxana müdiri Nərminə Abdullayeva “Dünya Astronomiyasında qadınlar” mövzusunda çıxış ediblər.
Çıxışların yekununda uğurlu astronom alim qadınların müsahibələrindən ibarət video-çarx nümayiş etdirilib.
Daha sonra tədbirin dəvətliləri – AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova və Xəzər Universitetinin “Təbiət elmləri və mühəndislik” fakultəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova tədbir iştirakçıları ilə öz təəsüratlarını bölüşüblər. Gənc xanımlara daim öz hədəflərinə fokuslanaraq əzmlə mübarizə aparmağı tövsiyyə ediblər.
Tədbirin sonunda elmi-mədəni, ictimai-siyasi fəaliyyətdə fərqlənən xanımlara gül dəstələri, Təbriknamə və 2022-ci il – Şuşa ilini simvolizə edən Xarı-Bülbül yaxa sancağı hədiyyə olunub.
Tədbirin proqramına uyğun olaraq sonda qonaqlar ŞAR-ın muzeyi ilə tanış edilib, onlara muzeydə olan eksponatlar, rəsədxananın tarixi, burada görülən işlər və ümumi infrastruktur haqqında ətraflı məlumat verilib. Daha sonra qonaqlar rəsədxananın 2 metrlik teleskopunun binasında aparılıb. Burada ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Səbahəddin Alışov qonaqlara teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işləri barədə danışıb.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR)