Mart 11 , 2022 | 07:35 / Mühüm hadisələr
Martın ayının 11-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin əməkdaşı Elista Bayramova “Çox aşağı tezlikli radio dalğalar vasitəsi ilə geomaqnit qasırğalarının ionesferin D təbəqəsinə təsirinin araşdırılması” mövzusunda məruzə ilə çıxış edib.
İşdə 2008-2011-ci illərdə baş vermiş 5 geomaqnit qasırğasının (04 sentyabr 2008, 11 oktyabr 2008, 29 may 2010, 04 avqust 2010, 25 oktyabr 2011) VLF (Very Low Frequency - Çox Aşağı Tezlikli) dalğalarının DLPT depth (D-Layer Preparation Time Depth – D təbəqəsinin yaranma vaxtının dərinliyi) parametrinə təsirinə baxılmışdır. Parametri təyin etmək üçün Anthorn (54.91⁰ şm.e., 3.27⁰ q.u.) şəhərində yerləşən, 19.6 kHs stabil tezlikdə işləyən GBZ ötürücüsündən göndərilən və Şamaxı Astrofizika Rəsədxanasında (40.78⁰ şm.e., 48.59⁰ ş.u) quraşdırılmış AWESOME qəbuldedicisi vasitəsi ilə qəbul edilən siqnalın amplitudundan istifadə edilmişdir. DLPT depth parametri hər bir qasırğa üçün qasırğa günündə, qasırğa günündən dörd gün əvvəl və dörd gün sonra hesablanmış, hər bir hadisə üçün parametrin doqquz günlük variasiyası alınmışdır.
İki geomaqnit qasırğa hadisəsi üçün (04 sentyabr 2008, 25 oktyabr 2011) DLPT depth parametri qasırğanın əsas fazasında, digər iki qasırğa üçün (29 may 2010, 04 avqust 2011) isə qasırğanın bərpa fazasında artma göstərmişdir, yalnız bir qasırğa hadisəsi üçün (11 oktyabr 2008) qasırğanın əsas fazasında parametrdə azalma müşahidə edilmişdir. DLPT depth parametrinin artması qasırğa zamanı D təbəqəsinin ionlaşma səviyyəsinin artması nəticəsində siqnal amplitudunun azaldığını, yəni siqnalın daha güclü udulmaya məruz qaldığını göstərir. Ümumiyyətlə, hər bir qasırğanın D təbəqəsinə fərqli təsir göstərdiyi aşkar edilmişdir.
Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.