Fotos
BDU-nun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər
Mart 16 , 2022 | 12:46 /
Oxunma ( 686 )

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri təcrübə keçirlər.

Təcrübəyə cəlb edilən tələbələr institutda aparılan tədqiqat işləri, istifadə olunan metodlar və cihazlar barəsində hərtərəfli məlumat əldə etmələri üçün laboratoriyalar arasında bölünüblər və hər həftə bölgü dəyişir. Bu həftə ərzində bir qrup tələbə Molekulyar maqnetiklər laboratoriyasında təcrübədə olublar. Laboratoriyanın əsas istiqaməti molekulyar maqnetik və molekulyar keçirici xassəli yeni materialların alınması üçün keçid metallarının azot-, oksigen- və kükürd tərkibli liqandlarla yeni daxili kompleks birləşmələrinin sintezi və tədqiqindən ibarətdir.

Tələbələr laboratoriyada təcrübədə olduqları müddətdə hidrotermal reduksiyası ilə müxtəlif mühitlərdə (etilenqlikol, qarışqa turşusu) nanostrukturlu, maqnit xassəli metal/metal oksid əsaslı maddələrin, kompozitlərin və kompleks birləşmələrin sintezində, eyni zamanda alınan birləşmələrin infraqırmızı (İQ) və ultrabənövşəyi (UB) spektroskopiya, atom qüvvə mikroskopu üsulları ilə tədqiqi barədə məlumatlandırılıb və alınan nəticələrin müzakirəsində iştirak ediblər.

Tələbələrin digər qrupu isə Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar laboratoriyasında təcrübə keçiblər. Tələbələr laboratoriyada yerli xammal olan bentonit əsasında katalizatorların sintezi prosesində, eyni zamanda alınan katalizatorların fiziki-kimyəvi tədqiqi, o cümlədən termiki (DTA) və rentgenfaza (RFA) analizləri ilə öyrənilməsi və bu katalizatorların konkret reaksiyalar üzərində sınaqdan keçirilməsi proseslərində iştirak edib, sintez üsulları haqqında ətraflı məlumat alıblar.

Qeyd edək ki, Bakı Dövlət Universiteti ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında əldə edilən razılaşmaya uyğun olaraq, Kimya fakültəsinin tələbələri cari ilin may ayının sonuna qədər müəssisədə təcrübə keçəcəklər.

https://science.gov.az/az/news/open/20218

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.