Mart 18 , 2022 | 09:33 / ELMİN TƏBLİĞİ
Qədim tarixə malik Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm ölkəmizin işıqlı gələcəyinə rəvac verir.
9 aprel 2018-ci il tarixdə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf edir. Bu münasibətlə hər il AMEA-nın bütün elmi tədqiqat institutlarında 27 mart - Elm gününə həsr olunmuş tədbirlər həyata keçirilir.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) tərəfindən təşkil olunan "Astronomik təqvim ilinin başlanğıcı" adlı silsilə elmi-populyar seminarlar da bu qəbildən olan tədbirlərdəndir.
17-18 mart tarixlərində baş tutan silsilə seminarlarda Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagird və müəllim heyəti iştirak ediblər.
Seminarlarda Yaz gecə-gündüz bərabərliyi, Günəşin zahiri illik və sutkalıq hərəkəti ilə bağlı biliklər şagirdlərin diqqətinə çatdırılıb. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, həmçinin elmi işçilər Ülviyyə Bəşirova, Günay Hacıyeva, Aysel Rüstəmova, Vüsalə Əliyeva, o cümlədən ŞAR-ın gənc əməkdaşları Cənnət Səmədov, Arzu Orucova, Samirə Rəhimli, Zümrüd Binnətova, Aytac İskəndərova, Lalə Səlimzadə və Nurlan Şərəfxanovun təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
İnteraktiv formatda təşkil edilən seminarlarda kosmos haqda iştirakçılara maraqlı olan suallar rəsədxana əməkdaşları tərəfindən cavablandırılıb.
Elmi papulyar seminarların təşkil olunduğu təhsil müəssisələrinin - A.Hüseynzadə adına 20 saylı məktəb-lisey, İ.Hacıyev adına "Tərəqqi" texniki humanitar liseyi, N.Tusi adına 173 saylı tam orta məktəb, 53 saylı tam orta məktəb və 8 saylı orta məktəbin rəhbərliyi və müəllim heyəti də tədbirlərdə iştirak ediblər. Post-pandemiya dövründə məktəblərdə elmin təbliği və təşviqi üçün bu cür seminarların daha çox təşkil olunmasının əhəmiyyətini vurğulanıb.