Fotos
Gənclərin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
Mart 31 , 2022 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 740 )

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən, 1918-ci il mart-aprel aylarında ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs edib. Bildirib ki, Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib.

Elmir Babayev müasir Azərbaycan gənclərinin fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihələr və gələcək planlardan da danışıb. O, hazırda virtual məkanda gənclərin aktiv olduqlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yüksək fəaliyyət göstərdiklərini qeyd edib: “Gənclərimiz müasir innovativ texnologiyalardan istifadə etməklə erməni təbliğatına qarşı mübarizədə daha aktiv şəkildə öz sözlərini deməlidirlər”.

Bu kimi dəhşətli hadisələrin bir daha yaşanmaması üçün gənclərin üzərinə xüsusi vəzifənin düşdüyü deyən şura sədri gəncləri unutqan olmamağa, bu mövzuda təbliğat işini güclü aparmağa səsləyib. 

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edərək Azərbaycanda elmi-intellektual gəncliyin yetişdirilməsində, elm və təhsilin səmərəli inteqrasiyasında, beynəlxalq aləmdə Azərbaycan elminin populyarlaşdırılmasında, milli və mənəvi dəyərlərimizə sadiq gənc nəslin formalaşdırılmasında AMEA-nın elm siyasəti barədə məlumat verib. Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin yeni tərkibdə formalaşdırıldığını deyən icraçı direktor Azərbaycan elminin gələcək inkişaf perspektivləri naminə böyük işlərin həyata keçirilməsində onlara uğurlar arzulayıb.

M.Həsənov Azərbaycanlıların tarixdə ən çox soyqırımına məruz qalan xalqlardan olduğunu deyərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror aktlarından danışıb. Qeyd edib ki, 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

“Qazandığımız tarixi zəfər, qovuşduğumuz azadlıq üçün ilk növbədə şəhid və qazilərimizə borcluyuq. Onların bu əzmkeşliyini heç vaxt unutmamalıyıq”, - deyə icraçı direktor vurğulayıb.

O, gənclik olaraq tariximizdən dərs almalı olduğumuzu söyləyib. Bildirib ki, ermənilərin xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərinin araşdırılmasında, beynəlxalq və yerli platformalarda Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında gənc alimlər fəallığı davam etdirməlidirlər.

Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova “Tarixi yaddaşımızdan silinməyən soyqırım”, Ədəbiyyat İnstitutunun elmi işçisi Samirə Kərimova “31 Mart soyqırımı müasir elmi tədqiqatlarda”, Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva “Tarixi yaddaşımız - 31 mart”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova “Mart faciəsi və Azərbaycan milli ideyasının intibahı”, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Orxan İsayev “31 Mart soyqırımı milli mətbuatın gözü ilə”, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Turanxanım Hümbətova “Haqq mənəm bu gün” və Folklor İnstitutunun əməkdaşı Aygül Qurbanova “31 mart - tarixdən silinməyən izlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən videoçarx nümayiş olunub.

https://science.gov.az/az/news/open/20361

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.