Fotos
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb
Apr 18 , 2022 | 03:49 /
Oxunma ( 642 )

Aprelin 18-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin istehsalat təcrübəsini keçən 24 nəfər 4-cü kurs tələbəsi institutun alimləri qarşısında təqdimatla çıxış ediblər. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bu günün tələbələr və alimlər üçün önəmli olduğunu vurğulayıb. 

O qeyd edib ki, Bakı Dövlət Universitetinin tələbələrinin AMEA-nın institutlarında, o cümlədən MBBİ-də təcrübə keçmələri elm və təhsilin inteqrasiyasının bariz nümunəsidir. Tələbələr MBBİ-nin laboratoriyalarında təcrübə keçdikləri 2 ay müddətində orada aparılan elmi tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar. Onlar həmçinin rəhbərlərinin nəzarəti altında elmi-tədqiqat işləri aparıb və dünya praktikasında tətbiq olunan metodları mənimsəyiblər. Akademik tələbələrin MBBİ-də əldə etdikləri bilik və təcrübi bacarıqların onların gələcək fəaliyyətləri üçün əhəmiyyətli olacağına əmin olduğunu bildirib.

BDU-nun Biologiya fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Səbinə Ömərova başda akademik İradə Hüseynova olmaqla, MBBİ-nin bütün kollektivinə təşəkkürünü bildirib. O qeyd edib ki, artıq bir-neçə ildir ki, BDU-nun tələbələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təcrübə keçirlər. Səbinə Ömərova söyləyib ki, tələbələrin elm mühitinə düşməsi onların formalaşmasında çox böyük rol oynayacaq.

Daha sonra MBBİ-nin Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Bioinformatika, Bitki biotexnologiyası və Populyasiya genomiksi laboratoriyalarında təcrübə keçən tələbələr təqdimatlarla çıxış edib, onlara verilən sualları cavablandırıblar.

Tədbirin sonunda tələbələr onlara yaradılan şərait üçün institutun direktoru akademik İradə Hüseynovaya dərin minnətdarlıqlarını bildiriblər. Sonra tələbələrlə xatirə şəkli çəkilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.