Fotos
Neft-Kimya Prosesləri İnstitutunun gənc alim və mütəxəssislər arasında “Perspektivli layihələr” adlı müsabiqənin qalibləri seçilib
Apr 19 , 2022 | 10:27 /
Oxunma ( 626 )

18 aprel 2022-ci il tarixində AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan, institutunun baş direktoru, akademik Vaqif Abbasov bildirdi ki, bugünkü iclasın əsas məsələsi, 01 mart 2022-ci il tarixində 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında institutdaxili “Perspektivli layihələr” adlı elan olunmuş müsabiqənin qaliblərinin seçilməsi və ən yaxşı layihəyə institutun büdcədənkənar vəsait hesabına 5000 manat mükafat verilməsi nəzərdə tutulmuşdur. Müsabiqəyə layihələrin qəbulu 15 aprel 2022-ci il tarixinədək aparılmışdır və ümumilikdə 8 layihə təqdim olunmuşdur. Müsabiqədə gənc alim və mütəxəssislər qrup şəklində və ya fərdi olaraq iştirak edə bilərdilər.

İnstitutun baş direktoru, akademik Vaqif Abbasov qeyd etdi ki, müsabiqənin əsas məqsədi istedadlı gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarətdir. Qaliblərin  seçilməsində şəffaflığı təmin etmək məqsədilə layihə təqdimatçılarının iştirakı və razılığı ilə Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şura üzvlərindən seçilərək 11 nəfərlik tərkibdə komissiya təsdiq olundu. Komissiyanın sədri texnika elmlər doktoru, dosent Nizami Mürsəlov, üzvləri isə kimya elmlər doktoru, professor Füzuli Nəsirov,  kimya elmlər doktoru, professor Çingiz Rəsulov, texnika elmlər doktoru, kimya elmlər doktoru, professor Minavər İbrahimova, texnika elmlər doktoru, professor Leylufər Əliyeva, professor Hikmət İbrahimov, texnika elmlər doktoru, dosent Səadət Əsgərzadə, kimya elmlər doktoru, dosent Mənzər Əmiraslanova, texnika elmlər doktoru, dosent Təranə Məmmədova, texnika elmlər doktoru, dosent Elmar Abdullayev və texnika elmlər doktoru, dosent Gülbəniz Muxtarova təyin olundular.

Daha sonra, müsabiqədə institutun gənc alimləri tərəfindən irəli sürülən layihələrin təqdimatı keçirildi. Səsvermə nəticəsində məlum oldu ki, 1-ci yerə 74 bal ilə 4 saylı laboratoriyanın əməkdaşları Rahim Babalı, Nigar Veysəlova və Sara Məliklinin “Zol-gel metodu ilə oksid nanokompozitlərin sintezi və onların ekoloji problemlərin həllində və katalizdə rolu” adlı layihələri, 2-ci yerə 71 balla 2 saylı laboratoriyanın əməkdaşı Fərqanə Əlizadənin  “GO nanolayları ilə modifikasiya olunmuş poliamin əsaslı yeni azometin və amidlərin sintezi, in vitro bioloji və korroziya əleyhinə xassələrinin tədqiqi və molekulyar dokkinq analizləri” adlı layihəsi çıxmışdır. Digər 2 layihə, 8 saylı laboratoriyanın əməkdaşı Əminə Alimovanın “Ali karbon turşusu və poliaminlər əsasında yeni komplekslərin sintezi və səthi-aktiv maddə kimi tədqiqi” adlı və 16 saylı laboratoriyanın əməkdaşları Afaq İmanova və Leyla Abbasovanın “İşğaldan azad olunmuş ərazilərdə məhv olmuş meşələr əsasında karbohidrogen qazları və maye yanacaqların alınması” adlı layihələri 3-cü və 4-cü yerləri müvafiq olaraq qazanmışlar.

İnstitutun baş direktoru, akademik Vaqif Abbasov təklif etdi ki, 1-ci və 2-ci yeri qazanmış layihələr arasında bal fərqi az olduğu üçün hər iki layihəyə eyni məbləğdə 3000 manat, digər 2 layihənin hər birinə isə 2000 manat miqdarında pul mükafatı ayrılsın və ümumilikdə mükafatın miqdarı 10 000 manat təşkil etsin.

İclasın sonunda, institutun baş direktoru akademik Vaqif Abbasov layihələr haqqında öz fikirlərini bölüşərək, uğur qazanan layihə iştirakçılarını təbrik etdi və onlara gələcək elmi fəaliyyətində uğurlar arzu etdi. O, həmçinin, gələcəkdə də bu cür müsabiqələrin keçiriləcəyini və gənclərin elmin inkişafında iştirakına daha çox şərait yaradılacağını qeyd etdi.

Neft-Kimya Prosesləri İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.