Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Apr 25 , 2022 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 587 )

Aprel ayının 22-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin əməkdaşı Vahid Tahirov “AMEA ŞAR-ın Zeiss 600 teleskopunda fotometrik müşahidələrin aparılması və alınmış rəqəmsal təsvirlərin işlənməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışı zamanı AMEA ŞAR-ın ZEİSS-600 teleskopunun rəsədxanada istifadəyə verilməsi, yeni cihazların tətbiq edilməsi həmçinin, müşahidə prosesinin səmərəli və daha effektiv olması üçün teleskopda aparılan təkmilləşdirmə işləri haqqında məlumat verib.

Həmçinin məruzəçi onu da qeyd edib ki, 2019-cu ildə ŞAR-da parlaqlığı çox zəif olan səma cisimlərinin fotometrik müşahidələrinin aparılması üçün Zeiss-600 teleskopunun optik gücü artırılıb, teleskopda Celestron F/6.3 fokus reduktoru quraşdırılıb. Nəticədə teleskopun işıq gücü 1,6 dəfəyədək artırılıb. Bu isə daha zəif ulduz ölçüsünə malik obyektlərin,qalaktika və dumanlıqların müşahidə edilməsinə imkan verir. Nümunə olaraq 02.04.2022-ci il tarixində ulduz ölçüsü 19.4 olan seyfert tipli MCG+09-20+098 qalaktikasının müşahidəsi Celestron F/6.3 fokus reduktoru vasitəsilə aparılmışdır.

Zeiss-600 teleskopunda UBVRİ Jonson Rc Kuzins sistemli standart işıq süzgəclərinə malik fotometr quraşdırılıb və Apogee Alta Instruments firmasının U-47 CCD matrisi ilə təchiz edilib. Matrisə “Diffraction Limited” CCD firmasının Maxİm DL proqram təminatı yüklənmiş kompüterə qoşulub. Müşahidə prosesi və müşahidə materiallarının işlənməsi bütünlükdə Maxİm DL V4 tətbiqi proqram qovluğunun köməyi ilə həyata keçirilir. CCD fotometrin AMEA ŞAR-ın Zeiss-600 teleskopuna adaptasiyası həyata keçirilib.”Zeiss600+fotometr+CCD kamera” sistemində bias, dark, flat təsvirlərinin alınması və müşahidə nəticələrinin əldə edilməsi metodikası işlənib hazırlanmışdır.

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.