Fotos
Hüseyn Cavidin Ev Muzeyində elmi seminar keçirilib
Apr 26 , 2022 | 03:56 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 1601 )

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığının tədrisi məsələləri” adlı elmi seminar keçirilib.

Ali məktəb müəllimləri və tələbələrinin də cəlb olunduğu sözügedən seminar muzeydə elmlə təhsilin inteqrasiyası çərçivəsində həyata keçirilən növbəti tədbirlərdən biri olub. Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi ərəfəsində baş tutan elmi seminarda Azərbaycan Dillər Universitetinin, Odlar Yurdu Universitetinin, Bakı Avrasiya Universitetinin Filologiya fakültələrinin I-IV kurslarında təhsil alan tələbələr dinləyici qismində iştirak edib.

Seminarda Hüseyn Cavidin Ev Muzeyinin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadə, Bakı Avrasiya Universitetinin Dünya ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əfsanə Nağıyeva və həmin universitetin Ümumi filologiya fakültəsinin müəllimi Sevinc Talıbova çıxış ediblər. “Hüseyn Cavid sənəti və müasir gənclik” problemi kontekstində müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Elmi seminarda müzakirə olunan mövzular sırasında “Hüseyn Cavidin Avropa və Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri ilə müqayisəsi”, “Hüseyn Cavid və Tənzimat dövrü Osmanlı ədiblərinin əsərlərinin dilinin oxşar və fərqli cəhətləri”, “Müasir çağırışlar və qloballaşma dövründə Hüseyn Cavid əsərlərinin aktuallığı” daha çox diqqət mərkəzində olub.

https://science.gov.az/az/news/open/20678

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.