Ulu öndərin 99 illiyi münasibətilə tədbir keçirilib
May 10 , 2022 | 09:48 / Mühüm hadisələr
Oxunma ( 53 )

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş "Məktəbdən kosmosa" adlı tədbir keçirilib.

İlk öncə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Nərgiz İsmayılova giriş sözü ilə tədbiri açaraq Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və uğurlu siyasi yoldan danışıb. Natiq qeyd edib ki, həyatını ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən ümummilli lider dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqın yaddaşında özünəməxsus yer tutmuşdur.

Tədbirin açılış hissəsində növbəti çıxış üçün söz ŞAR Elmi Kitabxanasının müdiri Lalə Səlimzadəyə verilib. Lalə Səlimzadə isə öz növbəsində görkəmli dövlət xadiminin elm və təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. O, vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olmuşdur. Təkcə paytaxt Bakıda deyil, respublikanın ucqar bölgələrində də yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikilmişdir. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır.

Daha sonra ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova çıxış edərək bildirib ki, dahi rəhbər Heydər Əliyev cəmiyyətin inkişafını təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Bu gün də həmin ideoloji xətt ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Açılış hissəssindən sonra tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi ssesiyada rəsədxananın gənc alimləri - Aynurə Həsənova, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm və Aysel Rüstəmova müvafiq olaraq “Astronomiyanın aktuallığı və prioritet tədqiqat istiqamətləri”, “Azərbaycanda Astronomiyanın tarixi” və “Göy cisimlərinin yaranması və inkişafı” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.

Sonda ulu öndərin 99 illiyinə həsr olunmuş tədbir çərçivəsində təşkil olunmuş "Zirvə" astro-sərgisində şagirdlər tərəfindən hazırlanmış maketlər nümayiş etdirilib. Ən uğurlu nümunələrin müəllifləri diplomla təltif olunub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.