Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
May 14 , 2022 | 12:07 / Mühüm hadisələr
Oxunma ( 593 )

May ayının 13-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin əməkdaşı Aytac İskəndərova Volf-Raye tipli WR 134 ulduzunun qısamüddətli fotometrik dəyişkənliyi mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə Volf-Raye tipli WR 134 ulduzunun AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 60-sm teleskopunda CCD fotometrlə 2021-ci ilin iyun ayında alınmış fotometrik müşahidə materialının tədqiqinin nəticələri verilmişdir. WR 134 ulduzunun müşahidələri beynəlxalq UBV fotometrik sisteminin V süzgəcində aparılmış və onun qısa müddətli (təqribən bir saat müddətində) fotometrik dəyişkənliyi aşkar edilmişdir. Tədqiq olunan ulduzun fotometrik təsvirlərinin işlənməsi zamanı MaxIm DL proqram qovluğundan istifadə edilmişdir.

Qeyd edək ki, bu ulduzun fotometrik dəyişkənliyi əvvəllər də aşkar edilmişdir. Bu isə onu göstərir ki, tədqiqat obyekti olan ulduzda aktiv qeyri-stasionar proseslər gedir və müşahidə olunan dəyişkənlik həmin ulduzda gedən qeyri-stasionar proseslərin göstəricisidir.

Məruzə maraqla qarşılanıb, mövzu ətrafında diskussiya aparılıb və suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.