İyn 01 , 2022 | 12:30 / Mühüm hadisələr
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbi-bədii tədbirlə qeyd olunub. Muzeyin Gənc alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan tədbirdə yalnız muzey əməkdaşlarının övladları iştirak ediblər. Tədbiri muzeyin baş direktoru, akademik Rafael Hüseynov açaraq balacaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edən akademik deyib: “Bir neçə gün əvvəl bu binada Azərbaycanın Müstəqillik Gününü qeyd etdik. 28 may və bu bina bizə çox doğma və əzizdir. Çünki 1918-ci ilin sentyabrından başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, nazirləri bu binada yaşayıb və fəaliyyət göstəriblər, dövlətimizlə bağlı ilk qərarları burada veriblər. Bu gün isə bu binada müstəqil Azərbaycanın uşaqlarının bayramını qeyd edirik. Azərbaycanın sabahı, gələcəyi olan bu balacalar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar”.
Tədbirdə müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi professor Zahid Xəlil, tanınmış şair və yazıçı Rafiq Yusifoğlu uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt və təhsilli olmağı arzulayıb, şeirlərini səsləndiriblər.
Bayram tədbirində uşaqlardan bəhs edən videoçarx nümayiş olunub. Balacaların Vətən, təbiət, məktəb və digər mövzularda təqdim etdikləri şeir, mahnı, rəqs və səhnəciklər maraqla qarşılanıb.Sonda uşaqlara Həmkərlar Təşkilatının dəstəyi ilə hədiyyələr və rəhbərlik tərəfindən sertifikatlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.