Fotos
Gənc mühəndislərin yay düşərgəsi başa çatıb
Avg 23 , 2022 | 01:00 /
Oxunma ( 170 )

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə 18-23 avqust tarixlərində Qusar Olimpiya İdman Kompleksində keçirilən gənc mühəndislərin yay düşərgəsi başa çatıb.

Bağlanış mərasimindən öncə Qusar rayon Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.

Düşərgənin bağlanış mərasimində çıxış edən AMEA-nın GAMŞ-ın sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev mühəndislik sahəsinin önəmini qeyd edib. O, bu cür düşərgələrin gənclərarası şəbəkələşmə, tərəfdaşlıq əlaqələrinin qurulması, eləcə də əylənərək öyrənmək baxımından əhəmiyyətini vurğulayıb. Sədr 5 gün ərzində düşərgə iştirakçıları ilə biliklərini bölüşən, akademik tövsiyələri ilə düşərgə proqramına öz töhfələrini verən peşəkar mühəndis və təlimçilərə minnətdarlığını bildirib.

“Düşərgə müddətində iştirakçılar çox fəal iştirak ediblər. Ümid edirəm ki, burada yaranan intellektual mühit gənclərimizin gələcəkdə elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına layiqli töhfələr verməsinə zəmin yaradacaq”, - deyə Elmir Babayev əlavə edib.

Çıxışının sonunda sədr Gənclər və İdman Nazirliyi ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə gənclərin dayanıqlı inkişafına xidmət edən və ilk dəfə keçirilən bu tip genişmiqyaslı layihələrin davamlı olmasını arzulayıb.

Qeyd edilib ki, düşərgədə "U-Sin konsepsiyası", "Portativ elektronik cihazların enerji təminatının ödənilməsində triboelektrik nanogeneratorların tətbiqi", "Mexatronika", "Pilotsuz uçuş aparatları və onların proqram təminatı", "Elektrofiziki proseslər əsasında elektroenergetikanın ekoloji məsələlərinin həlli üzrə effektiv üsullar", "Oil Production: Topsides Operations", "Universitet-sənaye əmakdaşlığının innovasiya ekosistemində rolu", "Horizone Europe", “Chemical NanoEngineering” Erasmus Mundus Proqramı", "Mühəndislik ixtisası üzrə Xaricdə Təhsil", "İqlim dəyişikliyi", "Bioplastiklər", "Kainat nöqtədən bu günə", "Nanoquruluşlar, onların sintezi ve perspektiv tətbiq sahələri", "Alternativ enerji mənbələri və onların perspektivləri", “Gənclərin bədii yaradıcı aktivliyinin önəmi” adlı təlim, seminar və mühazirələr keçirilib. Həmçinin  “Brain ring” intellektual-əyləncəli oyunu, şahmat, dama, stolüstü tenis, voleybol yarışları və bədii intellektual müsabiqələr təşkil edilib.

Sonda düşərgə müddətində keçirilmiş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyələr təqdim edilib.

Gənc mühəndislərin yay düşərgəsinin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aysel Bəxtiyarova və Qusar Olimpiya İdman Mərkəzinin müdiri Məcid Məcidov da iştirak ediblər.

https://science.gov.az/az/news/open/21859

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.