Okt 16 , 2022 | 10:20 / Mühüm hadisələr
12-14 oktyabr 2022-ci il tarixlərində Belçikanın Blankenberq şəhərində “ Chemical Research in Flanders - Chemistry Conference for Young Scientists” (“CRF-ChemCYS”) adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda müxtəlif ölkələrin tədris müəssisələri, elmi-tədqiqat institutları, sənayə müəssisələri və şirkətlərini təmsil edən 400-dən çox alim və mütəxəssis iştirak etmişdir.
Konfransda akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstiututunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Ziyarət Paşayeva və Gənc alim və mütəxəssislər şurasının sədri kimya üzrə fəlsəfə doktoru Nərmin Dadaşova istirak etmişlər. Ziyarət Paşayeva “Sirkə turşusu əsasında ion mayelərində sellülozun həllolması” adlı, Nərmin Dadaşova “Tərkibində nadir torpaq elementləri saxlayan poliokso- və peroksometalat katalizatorlarının fiziki-kimyəvi üsullarla tədqiqi” mövzularında çıxışları konfrans iştirakçılarının diqqətini cəlb etmiş, Avropanın aparıcı tədqiqat institutlarının nümayəndələrinin böyük marağına səbəb olmuş, gələcəkdə elmi əlaqələrin qurulması və birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılmışdır.
Konfrans müddəti ərzində müxtəlif seksiyalar dinlənilmiş, maraqlı elmi debatlar baş tutmuşdur. Konfransın əsas plenar çıxışlarından olan IUPAC prezidenti, professor Javier Garcia Martinezin müasir kimyanın dünya sənayesindəki mövqeyi, yeni nəsil laboratoriyaların yaradılması istiqamətindəki plenar çıxışı xüsusi maraq doğurmuş ve çıxış sonrası geniş elmi diskussiyaların aparılmasına səbəb olmuşdur.
Konfrans uğurla tamamlanmış, iştirakçılar müvafiq sertifikatlar ilə təltif olunmuşdur.