Fotos
İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noy 10 , 2022 | 07:00 / Mühüm hadisələr
Oxunma ( 602 )

5 noyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşub canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə İSİ əməkdaşlarının hazırladığı 44 günlük Vətən müharibəsinin tarixi anlarını xatırladan videoçarx nümayiş olunub.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq Zəfər Günü münasibətilə institutun kollektivini təbrik edib. Ə.Abbasov Ermənistanın 2020-ci il sentyabrın 27-dən başlayan təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi uğrunda həyata keçirilən Vətən müharibəsinin şanlı tarixinə nəzər salıb. Müharibə dövrünün özünəməxsus çətinliklərindən bəhs edən akademik istər hərbi, istərsə də siyasi arenada misilsiz qələbənin məhz ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində qazanıldığını bildirib.

Ə.Abbasov, həmçinin uzun illər ərzində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ərazi bütövlüyünün qorunması istiqamətində Prezident İlham Əliyevin siyasi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi dövlət siyasətindən bəhs edib. Tarixi keçmişə nəzər salan alim Azərbaycanın qabaqcıl dünya ölkələri sırasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən də söz açıb.

Münaqişəni müxtəlif istiqamətlərdə şərh edən Ə.Abbasov işğal altında olan torpaqların qəhrəman şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad olunduğunu qeyd edib. Ə.Abbasov Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən 10 noyabr 2020-ci il tarixində imzalanan və faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab olunan bəyanatı xatırladaraq müharibənin nəticələrindən danışıb. Akademik bildirib ki, işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində döyüşsüz geri qaytarılması isə hərb meydanında zəfər çalan Azərbaycanın tam qələbəsi hesab olundu.

Azərbaycanın üstünlüyü qarşısında aciz qalan düşmənin təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə almaqla dəfələrlə müharibə cinayətləri törətdiyini, həqiqətləri təhrif etməyə çalışdığını və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu qeyd edən alim ümumilikdə 2908 hərbi qulluqçu və 100 mülki şəxsin  həlak olduğunu, 416 mülki şəxsin  yaralandığını, 7 itkin və 12 hərbi əsir qeydə alındığını bildirib.

Ə.Abbasov hərb meydanında əldə olunan uğurların əsasında dövrün tələblərinə cavab verən müasir texnologiyaların dayandığını qeyd edib. Alim ölkənin bir çox elmi-texniki qurumlarında, o cümlədən İSİ-də bu sahədə aparılan aktual tədqiqatların, əldə olunan fundamental elmi nəticələrin hərbi potensialın gücləndirilməsi istiqamətində mühüm rol oynayacağına əminliyni ifadə edib, yeni hədəfləri diqqətə çatdırıb.

Sonra İSİ Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Lamiyə Nəcəfova çıxış edərək Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasətindən, ölkə rəhbərliyi tərəfindən gənc kadr potensialının inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq göstərilən dəstəkdən bəhs edib. Ali Baş Komandanın çağırışına cavab olaraq minlərlə gəncin ordu sıralarına yazılmasının gənc nəsildə milli-mənəvi dəyərlərə olan hörmətin, Vətən sevgisinin təcəssümü olduğunu qeyd edib. L.Nəcəfova gənclərin həm müharibə meydanında, həm də arxa cəbhədə şücaətlə vuruşduğunu bildirərək Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov çıxış edərək qeyd edib ki, İkinci Qarabağ müharibəsində şücaətli Azərbaycan Ordusunun qələbəsi nəticəsində xalqımızın otuz illik həsrətinə son qoyuldu, doğma torpaqlar şəhidlərin qanı bahasına düşmən işğalından azad edildi. Qarabağın siyasi tarixinə nəzər salan Q.İmanov münaqişənin köklərinin ötən əsrdən başladığını qeyd edərək Ulu Öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətindən, əldə olunan uğurlardan söz açıb. Alim çıxışının sonunda erməni təcavüzkarlarının törətdiyi saysız-hesabsız dağıntıları təəssüf hissi ilə qeyd edib və Qarabağla bağlı xatirələrini bölüşüb.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Alim bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər çalması nəticəsində doğma torpaqlar düşmən işğalından azad edilərək otuz illik həsrətə son qoyuldu, Azərbaycan həqiqətləri beynəlxalq arenada sübuta yetirildi. Əldə olunan qələbənin ölkənin hərtərəfli inkişafında önəmini ifadə edən Ə.Sadıqov müasir dövrdə Azərbaycanın inkişaf etmiş dövlətlərdən biri kimi dünya miqyasında nümunə olduğunu bildirib. Alim milli ruhda yetişən savadlı gənclərin ölkənin inkişafında mühüm rol oynadıqlarını qeyd edərək azad olunan torpaqların yenidən qurulmasında qarşıda duran önəmli missiyalardan bəhs edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqın bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında birləşərək birlik və həmrəylik göstərdiyini xatırladan Ə.Sadıqov hazırda Qarabağda həyata keçirilən quruculuq işlərində də eyni əzmkarlığın nümayiş olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən dosentlər Məzahir İsayev, Elxan Səbziyev, Ələkbər Axundov və Könül Ömərova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, Qarabağın tarixindən və müharibənin nəticələrindən bəhs ediblər.

Sonda Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən qazanılan qələbənin əhəmiyyətinə bir daha toxunan Ə.Abbasov müharibədə iştirak etmiş institut əməkdaşlarına İSİ kollektivi adından təşəkkürünü ifadə edib. Akademik postmüharibə dövründə fundamental elmi tədqiqatların aparılması, müasir tələblərə cavab verən texnologiyaların yaradılması və ümumilikdə Azərbaycan elminin inkişafına yönələn gələcək vəzifələri nəzərə çatdırıb. 

Ə.Abbasov Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib, onları dərin ehtiramla yad edib.

İdarəetmə Sistemləri İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.