Noy 25 , 2022 | 10:41 / Mühüm hadisələr
Noyabrın 24-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm “İfrat nəhəng HD40589(A0lab)ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə HD40589 (A0Iab) ulduzunun fundamental parametrləri: effektiv temperaturu Teff və ağırlıq qüvvəsinin təcili g təyin edilmişdir. Burada effektiv temperatur və ağırlıq qüvvəsinin təcilini bilməklə ulduz atmosferləri modelləri hesablanır və bu modellər əsasında ulduzların kimyəvi tərkibi təyin olunur, həmçinin ulduzların təkamül parametrləri: kütlələri, radiusları və işıqlıqları hesablanır.
Qeyd edək ki, HD40589 (A0Iab) ulduzunun effektiv və ağırlıq qüvvəsinin təcili: Teff=10750K, logg=1.65. Ulduzun kütləsi log M/Mo=1.29 (M=19,5Mo), radiusu log R/Ro=2.04 (R=110Ro) və işıqlığı log L/Lo=2.095 (L=125,9Lo) təyin edilmişdir.
Daha sonra ulduzun səthində xüsusi proqram vasitəsi ilə mikroturbulent hərəkət sürəti ξt=4.4 km/s təyin edilmişdir. Tədqiq olunan ulduzun atmosferində dəmir elementinin miqdarı təyin edilmiş Günəşdə olan miqdarla müqayisə edilmişdir. Aşkar edilmişdir ki, dəmir elementinin miqdarı Günəşdə olan miqdara daha yaxındır, bu isə onu göstərir ki, tədqiq edilmiş ulduz və Günəş eyni metallıqlı maddədən yaranmışdır.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.