Fotos
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Monpelye Universitetinin doktorantı Fidan Hüseynovanın dissertasiya işinin müdafiəsi baş tutub
Dek 07 , 2022 | 12:51 /
Oxunma ( 494 )

MBBİ-nin icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov və Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. İsmayıl Zülfüqarov 30 noyabr-03 dekabr 2022-cil tarixlərində Fransa Respublikasının Monpelye Universitetinin Saglamliq üçün Kimya və Biologiya elmləri bölməsinin Odontologiya fakultəsinin Biomuhəndislik və Nanoelmlər laboratoriyasında elmi ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişinə uyğun olaraq birgə doktorantura proqramı əsasında təhsilini başa vuran Fidan Hüseynovanın elmi işinin müdafiəsində iştirak etmək və universitetin digər bölümləri ilə gələcək elmi layihələrin mövzularını müzakirə etmək olub. Doktorant Fidan Hüseynovanın müdafiəsi Monpelye Universitetində keçirilib. Elmi Şuranın üzvləri elmi işin rəhbəri Dr. Veronique Barragan-Montero, elmi işin ikinci rəhbəri, b.ü.f.d., dosent Ələmdar Məmmədov,  b.e.f.d. İsmayıl Zülfüqarov, Dr.Myriam Martino, Amparo Lugas Cortes və Dr. Frederic Kuiziner olub. Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutu və Monpelye Universitetinin doktorantı Fidan Hüseynova “Diş toxumasının bərpası üçün diş pulpunun  kök hüceyrələrinin angiogenik aktivləşməsi”mövzusunda tədqiqat işini uğurla təqdim edib. O qeyd edib ki, orqanizmin əsas anabolik hormonu olan insulinin diş pulpa hüceyrələrinin (DPH) proliferasiyasına və osteogen differensiasiyasına təsiri öyrənilib. Aşkar edilib ki, insulin böyümə faktoru rolunda çıxış edərək 25 saatdan sonra DPH-ın proliferasiyasını və bəzi osteogen markerlərin (Col1, RunX2, ALP, Osc, Mef2C) və TGF b (transformasiyaedici böyümə faktoru beta) yolunun iştirakçıları olan Smad3, TSP1, VEGF genlərinin mRNT səviyyəsində ekspressiyasını artırır. Bu onu göstərir ki, həm angiogen, həm osteogen xassələrə malik olan insulindən şəkərli diabetdən əziyyət çəkməyən xəstələrdə sümüklərin regenerasiyasında istifadə edilə bilər. Fidan Hüseynova Elmi şuranın üzvlərinin suallarını cavablandırdıqdan və rəyçilərin müsbət rəyi dinlənildikdən sonra biologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. Daha sonra alimlərimiz Monpelye Universitetinin bir sıra fakultə və laboratoriyaları ilə tanış olublar. Onlar Monpelye Universitetinin Bioinformatika laboratoriyasının rəhbəri Prof. Dr. Sofia Kossidanın laboratoriyasının əməkdaşları (Nika Abdollahi, Veronique Giudicelli və Türkan Səmədova) ilə müzakirələr aparıblar. Həmçinin İnstitutun dokorantı, b.ü.f.d. İsmayıl Zülfüqarovun ikinci rəhbər olduğu Aygün Süleymanovanın Monpelye Universitetindən olan elmi rəhbəri Dr. Hélène Déméné  və onun laboratoriyası ilə tanış olub, institutlar arasında daha geniş əlaqələrin quruması və ikitərəfli əməkdaşlığın əsasını qoymaq üçün razılığa gəliblər.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.