Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Dek 20 , 2022 | 01:05 / Mühüm hadisələr
Oxunma ( 1029 )

Dekbrın 15-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi Samirə Rəhimli “Seyfert qalaktikası NGC 3516-nın 2017-2021-ci illərdəki fotometrik müşahidəsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi NGC 3516 Seyfert qalaktikasının parlaqlığının dəyişməsinin təyini məqsədilə 2017-2021-ci illərdə həyata keçirilən fotometrik nəticələrə əsasən aparılan tədqiqat işini təqdim edib. S.Rəhimli qeyd edib ki, müşahidələr AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Zeiss 600 teleskopunda aparılmışdır. Müşahidələrdə BVRcİc süzgəclərindən istifadə olunmuş, alınan materiallar MAXİM DL 4 və MAXİM DL5 proqram paketlərinin köməyilə işlənmişdir.

Nəticə etibarilə, aparılan müşahidələrin nəticələri ilə 2017-2021-ci illərdə həyata keçirilən spektral müşahidələrlə üst-üstə düşmüşdür. Həmçinin fotometrik müşahidələr də göstərir ki, NGC 3516 qalaktikasında 2017-2021 müşahidə periodunda aktiv fiziki proseslər baş verir. 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.