Yan 12 , 2023 | 10:55 / Mühüm hadisələr
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “From class to SPACE - sinifdən KAİNATA” layihəsi üzrə Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin şagirdlərinə Astronomiya ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak edib.
Layihədə Rəsədxananın Gənc Alim Mütəxəssislər Şurasının Sədri Aynurə Həsənova, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə, elmi işçilər Aysel Rüstəmova, Ülviyyə Bəşirova, Cənnət Səmədov və Aytac İskəndərova təlim tərtibatçısı və təlimçi kimi fəaliyyət göstəriblər.
Hər biri nəzəri və praktik hissələrdən ibarət olan təlimlərdə şagirdlərin Astronomiya, Kosmonavtika və STEAM üzrə bilik bacarıqlara yiyələnməsi üçün 6 blokdan ibarət təlim modulu təşkil edilib.
Şagirdlərin təlim modullarında iştirak səviyyəsi, praktik fəaliyyətə cəlb olunma və uğur qazanma dərəcəsi təlimçilər və layihə rəhbəri tərəfindən qiymətləndirilib, uğurlu nəticə göstərən şagirdlər sertifikatla mükafatlandırılıb.